Accessibility links

Bəxtiyar Hacıyevin şəxsi yazışmaları haqda dolaşan məlumatlar hüquq müdafiəçiləri arasında narahatlıq doğurur


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Son günlər sosial şəbəkələrdə həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevin şəxsi fotoşəkilləri və yazışmaları yayılıb.

Fəalın həmkarları və yaxınları iddia edirlər ki, bu məlumatlar Bəxtiyarın həbsindən sonra onun telefonundan oğurlanıb və internetə yerləşdirilib.

İndiyədək rəsmi qurumlar Hacıyevin şəxsi məlumatlarını sosial şəbəkədə kimin yerləşdirdiyi haqqında suala cavab və buna hüquqi qiymət verməyib.

Martın 1-də Daxili İşlər Nazirliyi Bəxtiyar Hacıyevin şəxsi məlumatlarının yayılmasında istintaq orqanının əlinin olması ilə bağlı iddiaları təkzib edib.

"O, vəkili ilə birgə məhkəməyə aparılıb, məhkəmə qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb. Onun şəxsi əşyalarına baxılması və yaxud köçürülməsi ilə bağlı iddiaları qəti olaraq təkzib edirik", Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

Hacıyevin şəxsi hesablarından ayrı-ayrı ictimai fəallarla bağlı yayılan məlumatlar - görüntülər və yazışmalarla bağlı şöbə rəisi bildirib ki, bu məlumatların haradan necə qaynaqlandığı, Bəxtiyar Hacıyevin onlara məxsus məlumatların arxivləşdirilməsi ilə bağlı bir neçə qadından və onların ailə üzvlərindən şikayət xarakterli müraciətlər daxil olub.

"Həmin müraciətlər üzrə müvafiq araşdırmalar aparılır", o qeyd edib.

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, rəsmi qurumlar həbsdə olan vətəndaşın şəxsi məlumatının yayılmasının qarşısını almaq üçün araşdırmaya başlamalıdır.

"Amma bu edilməyib. Prokurorluq orqanlarına bu cinayət əməllərini araşdırmaq tələbi ilə müraciət olunacaq", o qeyd edib.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu halda zərər çəkən təkcə Bəxtiyar deyil, həm də nüfuzu və ailələrinin rifahı zərbə altında olan bir çox digər insanlar var.

"Bəxtiyar dekabrdan etibarən həbsdədir, o, necə internetdə nə isə yaya bilərdi? Onun şəxsi məlumatları oğurlanıb və məhz onun nüfuzdan salınması məqsədilə yayılıb", o vurğulayıb.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri aprelin 28-dək uzadılıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və 51 gün aclığı davam etdirdikdən sonra fevralın 28-də dayandırıb. O, həmçinin 5 gün quru aclıq keçirib, su içməkdən imtina edib. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək 14 gün müddətində aclıq edib.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

Martın 1-də Bəxtiyar Hacıyevin səhhətində qismən irəliləyiş qeydə alınıb.

"O bu gün qida qəbulunu davam etdirib. Çəkisində 300 qram artım olub. Dünən 63,7 kiloqram idi, bu gün 64 kiloqramdır", Hacıyevin yaxınları Amerikanın Səsinə deyib.

Bu gün, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Bəxtiyar Hacıyevlə bir saatadək görüş keçirib.

XS
SM
MD
LG