Accessibility links

Milli Şura: Azərbaycanda insan hüquqlarını pozan vəzifəli şəxslərə sanksiyalar tətbiq edilməlidir


Milli Şura (Arxkiv foto. Mənbə: VOA)
Milli Şura (Arxkiv foto. Mənbə: VOA)

Beynəlxalq birlik nəzərə almalıdır ki, İlham Əliyev hökuməti insan hüquq və azadlıqlarının təmin olunması, siyasi məhbusların azad edilməsi yönündə çağırışlara məhəl qoymur. Buna görə də Azərbaycanda insan hüquqlarının pozulmasında, ictimai-siyasi fəalların şərlənərək həbs olunmasında iştirak edən vəzifəli şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq etmək lazımdır.

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının Bəxtiyar Hacıyevin həyatına təhlükə yaranması və ölkədə siyasi repressiyanın davam etməsi ilə bağlı bəyanatında deyilir.

Milli Şura Azərbaycan xalqını ölkə müxalifətini və vətəndaş cəmiyyətini daha kütləvi şəkildə müdafiə etməyə çağırır.

“Xalqımız özünü rejimin yaratdığı qorxu mühitinə təslim etməməli, hüquq və azadlıqlarının təmin olunması, ölkədə köklü dəyişikliklərin baş verməsi naminə mübarizədə daha yaxından və hamılıqla iştirak etməlidir”, sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, şərlənərək həbs edilməsinə etiraz olaraq 45-ci gündür aclıq aksiyası keçirən ictimai fəal Bəxtiyar Hacıyevin həyatı təhlükə altındadır.

“Bəxtiyar Hacıyev 6 gün də quru aclıq etmiş, yəni su da içməmişdir. Bu isə onun səhhətini daha da ağırlaşdırıb və hazırda o, hər an komaya düşə bilər. Təəssüf ki, Azərbaycan hakimiyyəti Bəxtiyar Hacıyevlə bağlı yaranmış vəziyyətin nə dərəcədə təhlükəli həddə çatdığını dərk etmir və onu həbsdə saxlamağa israr edir”.

Milli Şura hesab edir ki, Azərbaycan hakimiyyəti xalqın inzibati zorakılıq və qorxu altında susqun hala gəlməsini, demokratik dünyanın hazırda Rusiya-Ukrayna müharibəsi ilə məşğul olmasını özü üçün fürsətə çevirib.

“Ölkədə inzibati həbslər də daxil olmaqla, siyasi həbslərin davam etdirilməsi, media və siyasi partiyalar haqqında yeni mürtəce qanunların qəbulu bunun göstəricisidir. Rusiya-Ukrayna müharibəsindən sonra yeni dünya düzəninin yaranacağını və bu düzəndə avtoritar rejimlərə yer olmayacağını başa düşən İlham Əliyev hökuməti real siyasi müxalifəti və vətəndaş cəmiyyətini tamamilə sıradan çıxarmağa tələsir. Təkcə son 1 ay ərzində ən azı 14 nəfər ictimai-siyasi fəal 25-30 sutka olmaqla inzibati həbsə məhkum edilib. Onlardan 5 nəfəri AXCP-nin, 6 nəfəri Müsəlman Birliyi Hərəkatının, 2 nəfəri D18 Hərəkatının üzvü, 1 nəfəri isə bitərəf ictimai fəaldır. AXCP Salyan şöbəsinin sədri, keçmiş siyasi məhbus Zamin Salayev isə növbəti dəfə qurama ittihamla cinayət məsuliyyətinə cəlb edilib və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib”, sənəddə qeyd edilir.

Öz növbəsində rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradələrinə görə təqib edilmədiyini bilirir. Dövlət rəsmiləri siyasi həbslərlə bağlı deyilənləri və siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir. Bununla yanaşı, yerli hüquq müdafiə təşkilatları hazırda yüzdən çox insanı siyasi məhbus kimi tanıyıb. Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda hazırda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

XS
SM
MD
LG