Accessibility links

Helsinki Komissiyası: Bəxtiyar Hacıyevə qarşı kobud pozuntulara göz yumulmayacaq və bu cəzasız qalmayacaq


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyev 42 gündür aclıq edir. O, fevralın 16-dan quru aclığa keçib, artıq 4 gündür su içməkdən də imtina edib.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan fəal səhhəti kəskin pisləşdiyindən fevralın 11-də Penitensiar Xidmətinin Müalicə müəssisəsinə köçürülüb.

Bu gün, fevralın 19-da Bəxtiyar Hacıyev vəkillərinin və ailə üzvlərinin onunla görüşünə imkan verilməyib. Ombudsmanın Çağrı Mərkəzinə müraciət edildikdən sonra Hacıyev vəkillər Elçin və Zibeydə Sadıqovlar və ailəsi ilə telefon əlaqəsi saxlayıb.

Vəkil Elçin Sadıqov Bəxtiyar Hacıyevlə telefon danışığından sonra Amerikanın Səsinə deyib ki, o quru aclığı davam etdirir.

Vəkil: Bəxtiyar Hacıyevin səhhəti çox ağırdır
please wait

No media source currently available

0:00 0:01:39 0:00

“Onun səhhəti çox ağırdır. Telefonda güclə danışırdı, səsi çox zəif idi. Saxlanılma şəraitindən və onunla rəftardan narazılığını bildirdi. O dedi ki, yanındakı nəzarətçilər hətta onu yatmağa da qoymurlar. Halbuki onun başı gicəllənir, yatmaq istəyir”, o qeyd edib.

Bu gün, fevralın 19-da ABŞ Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə bəyanatla çıxış edib.

“Azərbaycanın Bəxtiyar Hacıyevi həbsdə saxlamaqda davam etməsi, ona qarşı pis rəftar etməsi açıq-aşkar ədalətsizlik və onun insan hüquqları ilə bağlı fundamental öhdəliklərinin kobud şəkildə pozulmasıdır. ABŞ-ın siyasəti bu cür kobud pozuntulara göz yumulmayacağı və cəzasız qalmayacağından ibarətdir və belə olaraq qalır”, Helsinki Komissiyası Twitter səhifəsində bildirib.

Fevralın 18-də Bəxtiyar Hacıyevin atası, anası və bacısı Müalicə müəssisəsində onunla görüşüb. Övladlarının durumu valideynlərinə o qədər ağır təsir bağışlayıb ki, onlar Müalicə müəssisəsini göz yaşları içərisində tərk ediblər.

“Bəxtiyarın çox ağır durmunu gördük. Onun halı ürək ağrıdacaq qədər ağırdır. O tam taqətsizdir, yeriməkdə çətinlik çəkir, sanki yeriyə bilmir. Üç gündür su da içmir, dodaqları tam quruyub. Dilini ağzında çevirə bilmir, danışanda çətinlik çəkir. Səsi çox zəifdr. Nitqi pozulub”, Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva görüşdən sonra Amerikanın Səsinə deyib.

O bildirib ki, ailə üzvləri Bəxtiyar Hacıyevdən çox təkidlə su içməyə başlamasını xahiş ediblər.

“Bəxtiyar dedi ki, su içməyə başlaması üçün müəyyən təklifləri var. Təkliflərini Müalicə müəssisəsinin rəhbərliyinə təqdim edib. Təkliflərindən biri odur ki, 6 kvadratmetr sahəsi olan otaqda saxlanılır, yanında da bir nəzarətçi oturdublar. Otaqda nəfəs almaq mümkün olmur. Nəzarətçi isə gün ərzində çoxsaylı lazımsız suallar verməklə Bəxtiyarı əsəbləşdirir. Həmçinin onu hətta əllərini yuyanda belə güdürlər bəlkə su qəbul edər. Otağından isə nümayişkəranə şəkildə su butulkalarını yığışdırblar. Bəxtiyar israraldır, aclığı davam etdirəcək”, Solidə Mövlayeva qeyd edib.

Tibb elmləri doktoru Adil Qeybulla fevralın 17-də Hacıyevi müayinə etdikdən sonra Amerikanın Səsinə bildirib ki, Hacıyevlə bağlı təcili müvafiq qərar qəbul edilməlidir.

“Mən deyərdim ki, psixologiyasında müəyyən dəyişikliklər var. Daha çox əsəbi gördüm onu. Digər tərəfdən o, komaya düşə bilər. Mən ona istədim ki, infuziya edəm, müəyyən qədər dəstək verək. Hər halda bu qida müdaxiləsi deyil. Amma ona da razı olmadı. Yəni bütün bunların hamısı həm müalicə müəssisəsinin işçiləri, həm də vəkilin iştirakıyla baş verdi. Əlbəttə o müalicə müəssisəsindədir, səhhətiylə bağlı hər hansısa bir ciddi problem yaranacağı təqdirdə onda əsasnamə ilə onun səhhətinə müdaxilə etmək hüququ həkimlərdə qalır”, Adil Qeybulla qeyd edib.

Öz növbəsində Penitensiar Xidmətdən vəkilin dedikləri ilə bağlı şərh almaq hələ mümkün olmayıb.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

1 saylı Bakı İstintaq Təcridxanasından fevralın 11-də Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülən insan haqları fəalı 42 gündür aclığı davam etdirir və artıq 4 gündür quru aclığa keçib, su qəbulundan da imtina edib. O özünün və bütün siyasi məhbusların həbsdəb azad edilməsini tələb edir.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG