Accessibility links

Anası: Bəxtiyarın halı ürək ağrıdacaq qədər ağırdır


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyev 41 gündür aclıq edir. O, fevralın 16-dan quru aclığa keçib, artıq 3 gündür su içməkdən də imtina edib.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan fəal səhhəti kəskin pisləşdiyindən fevralın 11-də Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Fevralın 18-də Bəxtiyar Hacıyevin atası, anası və bacısı Müalicə müəssisəsində onunla görüşüb. Övladlarının durumu valideynlərinə o qədər ağır təsir bağışlayıb ki, onlar Müalicə müəssisəsini göz yaşları içərisində tərk ediblər.

“Bəxtiyarın çox ağır durumunu gördük. Onun halı ürək ağrıdacaq qədər ağırdır. O tam taqətsizdir, yeriməkdə çətinlik çəkir, sanki yeriyə bilmir. Üç gündür su da içmir, dodaqları tam quruyub. Dili quruduğundan ağzında çevirə bilmir, danışanda çətinlik çəkir. Səsi çox zəifdr. Nitqi pozulub”, Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva görüşdən sonra Amerikanın Səsinə deyib.

O bildirib ki, ailə üzvləri Bəxtiyar Hacıyevdən çox təkidlə su içməyə başlamasını xahiş ediblər.

“Bəxtiyar dedi ki, su içməyə başlaması üçün müəyyən təklifləri var. Təkliflərini Müalicə müəssisəsinin rəhbərliyinə təqdim edib. Təkliflərindən biri odur ki, 6 kvadratmetr sahəsi olan otaqda saxlanılır, yanında da bir nəzarətçi oturdublar. Otaqda nəfəs almaq mümkün olmur. Nəzarətçi isə gün ərzində çoxsaylı lazımsız suallar verməklə Bəxtiyarı əsəbiləşdirir. Həmçinin onu hətta əllərini yuyanda belə güdürlər ki, bəlkə su qəbul edər. Otağından isə nümayişkarənə şəkildə su butulkalarını yığışdırblar. Bəxtiyar israrlıdır, aclığı davam etdirəcək”, anası qeyd edib.

Fevralın 18-də vəkil Şəhla Hümbətovanı bir saatdan çox gözlətdikdən sonra “şənbə günü görüş verilmir” deyərək onun Müalicə müəssisəsində Bəxtiyar Hacıyevlə görüşünə imkan verilməyib. Halbuki ötən həftənin şənbə günü vəkillər Elçin və Zibeydə Sadıqovlar Bəxtiyar Hacıyevlə görüşmüşdü.

“Bəxtiyar Hacıyevlə görüşmək üçün səhər Penitensiar Xidmətin Müalicə müəssəsinə getdim, test nəticəsi və sənədlərim yoxlanandan sonra içəri buraxıldım, orada da çantama (qanunsuz) baxış keçirildi və görüş otağına yola salınan anda birdən rəisdən zəng gəldi ki, buraxmayın. Bir saatdan çox gözlətdilər və qeyri-iş günüdür bəhanəsi ilə, Bəxtiyar Hacıyevlə görüşə icazə verilmədi. Bildirdim ki, keçən şənbə vəkillər Bəxtiyarla görüşüb, bundan əlavə, həmin vaxt başqa vəkillərin də müəssisəyə daxil olmasının şahidi olublar, buna cavab olaraq rəis dedi ki, “bilməyib buraxıblar”. Bəxtiyar 16 fevral, saat 13:00-dan sudan imtina edib, dünən artıq vəziyyəti pis imiş, bu gün necə olması və içəridə nə baş verməsi barədə heç bir məlumat yoxdur”, vəkil Facebook səhifəsində yazıb.

Tibb elmləri doktoru Adil Qeybulla fevralın 17-də Hacıyevi müayinə etdikdən sonra Amerikanın Səsinə bildirib ki, Hacıyevlə bağlı təcili müvafiq qərar qəbul edilməlidir: "Mən deyərdim ki, psixologiyasında müəyyən dəyişikliklər var. Daha çox əsəbi gördüm onu. Digər tərəfdən o, komaya düşə bilər. Mən ona istədim ki, infuziya edəm, müəyyən qədər dəstək verək. Hər halda bu qida müdaxiləsi deyil. Amma ona da razı olmadı. Yəni bütün bunların hamısı həm müalicə müəssisəsinin işçiləri, həm də vəkilin iştirakıyla baş verdi. Əlbəttə o, müalicə müəssisəsindədir, səhhətiylə bağlı hər hansısa bir ciddi problem yaranacağı təqdirdə onda əsasnamə ilə onun səhhətinə müdaxilə etmək hüququ həkimlərdə qalır", Qeybulla qeyd edib.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

1 saylı Bakı İstintaq Təcridxanasından fevralın 11-də Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülən insan haqları fəalı 41 gündür aclığı davam etdirir və artıq 3 gündür quru aclığa keçib, su qəbulundan da imtina edib. O özünün və bütün siyasi məhbusların azad edilməsini tələb edir.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG