Accessibility links

AXCP fəalı saxlanılıb


Əlzamin Salayev
Əlzamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlzamin Salayev fevralın 7-də gecə saatlarında Bakının Qaradağ rayonu ərazisində saxlanılıb.

Bu barədə Salayevin oğlu Oqtay Salayev Amerikanın Səsinə bildirib.

“Atam fevralın 7-də səhər saat 6-da mənə zəng etdi. O dedi ki, hazırda Qaradağ rayon Polis İdarəsindədir. Gecə saatlarında Salyan rayonuna gəlmək üçün “Lökbatan daisəsi”ndə avtobus gözləyərkən bir nəfər bıçaqla ona hücum edib. O özünü qorumağa çalışıb. Bu zaman polislər atamı saxlayıb ki, guya atam günahkardır. İndi atamı Cinayət Məcəlləsinin 126-cı maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə şübhəli bilirlər,” o deyib.

Əlzamin Salayev bu hadisənin qabaqcadan təşkil edildiyini deyib.

“Bu mənə qarşı qurulmuş bir işdir. Çünki həmin şəxs bıçaqla mənə hücum etdi. Sanki polislər güdürdülər. Elə həmin anda polislər gəldi və məni saxladı. Məndə bıçaq olamdığı halda, özümü bıçaqdan qoruduğum halda məni günühakar çıxarırlar”, Oqtay Salayev atasına istinadən deyib.

Daxili İşlər Nazirliynin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

“Fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini Natiq Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini Zamin (Əlzamin) Salayev saxlanılıb”, Mətbuat xidmətinin əməkdaşı qeyd edib.

Bu il Əlzamin Salayev daxil olmaqla AXCP-nin artıq beş fəalı saxlanılıb. Salayevdən əvvəl saxlanılan AXCP fəalları inzibati qaydada 30 sutka həbsə məhkum edilib.

Əlzamin Salayev bu ilin yanvarında həbsdə olan Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin, həmçinin bütün siyasi məhbusların azadlığa buraxılması tələbi ilə keçirilən aclıq aksiyasına qoşulub, on gündən çox aclıq edib.

Əlzamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb. 2022-ci il yanvarın 19-da Milli Məclisin amnistiya aktına uyğun olaraq azadlığa buraxılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yayıb. Həmin videoda AXCP fəalı Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edib. Video yayılandan sonra Salayev inzibati qaydada 30 sutka həbs olunub. Bundan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib və məhkəmə fəalı həbsə məhkum edib.

AXCP fəalı 2022-ci il iyulun 7-də isə Salyan rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məclləsinin 535.1 maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinirək 30 sutka inzibati həbsə məhkum edilib.

XS
SM
MD
LG