Aprelin 28-də Almaniyanın Düsseldorf şəhərindən readmissiya olunan bir qrup azərbaycanlı Bakı aeroportundan karantin adıyla Bakı Atletlər Kəndinə aparılıb və hazırda orada saxlanılır. Bu insanların Atletlər Kəndində Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edildiyi iddia edilir.
Düsseldorfdan readmissiya olunaraq hazırda Bakı Atletlər Kəndində saxlanılan şəxslərdən birinin yaxını bildirib ki, sosial şəbəkələrdə baş verənlər barədə məlumat yaydığına görə Atletlər Kəndində olan qohumuna təzyiq edilir.
“Yazıq qadını ele qorxuya salıblar ki, bizim nömrələrimizi telefonundan silib ve deyib ki, daha mənə zeng etməyin. Həftənin birinci günü (mayın 3-də) qohumumu yenə sorğu-suala cagıracaqlar,” o əlavə edib.
“Orada insanlar polislər və onların yanında olan mülki geyimli şəxslər tərəfindən sorğu-sual olunur. Yəni, Almaniyaya hansı səbəbdən gedibsən, orada kimin var, kimin yoxdur - bu kimi suallar verirlər,” adının çəkilməsini istəməyən şəxs bildirib.
Bu xəbəri AND Hərəkatın üzvü Zamin Əhmədov da Facebook səhifəsində təsdiqləyib. Əhmədov yazıb ki, aprelin 28-də Düsseldorfdan Azerbaycana 50-yə yaxin azərbaycanlı ailəsi gətirilib. Onları 2 gündür ki, Atletlər Kəndində sorğu-sual edirlər.
Öz növbəsində, Dövlət Təhlükəsizliyi Xidmətindən xəbərlə bağlı şərh almaq mümkün olmayıb.
Daxili İşlər Nazirliynin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, mətbuat xidmətində bununla bağlı hər hansı məlumat yoxdur.
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən Amerikanın Səsinə deyiblər ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişə əsasən aprelin 28-də Almaniyadan Azərbaycana readmissiya edilən Azərbaycan vətəndaşlarının hamısı Heydər Əliyev adına Beynəlxalq Aeroportda Dövlət Miqrasiya Xidmətlərinin əməkdaşları və onların ailə üzvlərinin iştirakı ilə qarşılanıb.
“Dövlət Miqrasiya Xidmətinin vəzifəsi həmin insanların ölkəyə təhlükəsiz qayıdışını təmin etmək və ailələrinə təhvil verməkdir. Bu işi biz görmüşük,” İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı qeyd edib.
Bununla yanaşı, rəsmi qurumlardan Amerikanın Səsinə bəlli olub ki, son zamanlar COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə ölkəyə daxil olan şəxsləri Nazirlər Kabineti yanında Opreativ Qərargahın göstərişi ilə 14 gün karantində saxlayırlar. Bu səbəbdən readmissiya olunan vətəndaşlar 14 gün ərzində Bakı Atletlər Kəndində karantində qalacaq.
Rəsmi qurumlar həmçinin ölkəyə readmissiya olunan vətəndaşların problemlərinin həllü üçün müxtəlif dövlət qurumlarının təmsil olunduğu “Readmissiya olunanlarla bağlı işçi qrupun” fəaliyyət göstərdiyini deyib. Bu işçi qrupu readmissiya olunan şəxslərin problemlərinin həllində, iş yerləri ilə təmin edilməsində, yaşayış yerinin olub-olmaması ilə bağlı problemlərin həllində və psixoloji yardım məsələlərində kömək edir.
Bununla yanaşı, müşahidəçilər readmissiya olunan şəxslərin arasında əvvəllər cinayət əməli törədərək axtarışa verilən şəxslərin olub-olmasının hüquq mühafizə orqanları tərəfindən öyrənildiyini də istisna etmir.
Readmissiya sazişi – hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən razılaşmadır.