Yanvarın 28-də günorta saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin üzvü Nicat Abdullazadə Bakıda, Nərimanov metro stansiyasının yaxınlığında 3 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.
Bu barədə AXCP məlumat yayıb.
“Həmin mülki geyimli şəxslər Nicat Abdullazadəyə zəng edərək siyasi mühacirətdə olan `Azadlıq` qəzetinin baş redaktoru Qənimət Zayidovun çapdan yeni buraxılmış “Son dərviş” kitabını istəyiblər. Nicat Abdullazadə həmin kitabı onlara çatdıran zaman saxlayıblar,” AXCP-dən Amerikanın Səsinə bildiriblər.
Rəsmi qurumlar müxalifət fəalının saxlanılması ilə bağlı xəbərlərə hələ münasibət bildirməyib.
Nicat Abdullazadə yanvarın 13-də də saxlanılıb. O Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlzamin (Zamin) Salayevlə birgə saxlanılıb.
Əlzamion Salayev 30 sutka inzibati həbsə məhkum edilib. Nicat Abdullazadə isə 50 manat cərimə edilərək sərbəst buraxılıb.