Accessibility links

AXCP fəalı Zamin Salayev barədə üç ay həbs-qətimkan tədbiri seçilib


Əlzamin Salayev
Əlzamin Salayev

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev barədə üç ay həbs-qətimkan tədbiri seçib. Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Zamin Salayevə qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılıb. Vəkil bildirib ki, Salayev ittihamları qəbul etmir.

"Dedi ki, bu cinayət işi quramadır. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər onu təhqir edərək əlində bıçaq üstünə cumub. Bu zaman o özünü müdafiə edib. Bir neçə dəqiqədən sonra polislər artıq Zamin bəyi saxlayıb", vəkil qeyd edib.

Həbsinə etiraz olaraq Salayev aclıq elan edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

"Fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki "Lökbatan dairəsi" adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini Natiq Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Salyan rayon sakini Zamin (Əlzamin) Salayev saxlanılıb", Mətbuat xidmətinin əməkdaşı qeyd edib.

Bu il Zamin Salayev daxil olmaqla, AXCP-nin artıq beş fəalı saxlanılıb. Salayevdən əvvəl saxlanılan AXCP fəalları inzibati qaydada 30 sutka həbsə məhkum edilib.

Zamin Salayev bu ilin yanvarında həbsdə olan Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin, həmçinin bütün siyasi məhbusların azadlığa buraxılması tələbi ilə keçirilən aclıq aksiyasına qoşulub, on gündən çox aclıq edib.

Zamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb. 2022-ci il yanvarın 19-da Milli Məclisin amnistiya aktına uyğun olaraq azadlığa buraxılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yayıb. Həmin videoda AXCP fəalı Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edib. Video yayılandan sonra Salayev inzibati qaydada 30 sutka həbs olunub. Bundan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb edib və məhkəmə fəalı həbsə məhkum edib.

AXCP fəalı 2022-ci il iyulun 7-də isə Salyan rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məclləsinin 535.1 maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinərək 30 sutka inzibati həbsə məhkum edilib.

XS
SM
MD
LG