Accessibility links

AXCP fəalının apellyasiya şikayəti təmin edilməyib


Anar Hüseynov 2022-ci il oktyabrın 24-də Bakı meriyasının qarşısında saxlanılarkən (Arxiv foto: Mənbə VOA)
Anar Hüseynov 2022-ci il oktyabrın 24-də Bakı meriyasının qarşısında saxlanılarkən (Arxiv foto: Mənbə VOA)

Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Anar Hüseynovun 30 sutka inzibati həbsilə bağlı şikayətini təmin etməyib.

O, yanvarın 20-də Şəhidlər Xiyabanına yürüşdə iştirak etdikdən sonra saxlanılıb. Həmin gün Səbail Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələrilə təqsirli bilib.

Hüseynovun vəkili Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, Hüseynov ona qarşı irəli sürülən inzibati xətaları qəbul etməyib və siyasi sifariş hesab etdiyini məhkəmə heyətinin diqqətinə çatdırıb.

Eyni zamanda, vəkil Hüseynovun saxlandıqdan sonra və birinci instansiya məhkəməsində proses zamanı hüquqlarının pozulduğunu bildirib.

Belə ki, saxlanıldıqdan sonra Hüseynova yaxınları ilə əlaqə yaratmağa icazə verilməyib, hətta onu dövlət hesabına təyin edilmiş vəkil olmadan mühakimə ediblər.

Kərimli qeyd edib ki, Apellyasiya Məhkəməsi inzibati işlər üzrə apellyasiya şikayətinin son instansiyası sayılır.

Perspektivdə Hüseynovun həbsindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndəriləcək.

Qeyd edək ki, yanvarın 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının digər fəalı Rövşən Səfərov da saxlanılıb və 30 sutka həbs edilib. O da yanvarın 20-də yürüşdə iştirak edib.

"Yanvarın 20-də biz matəm günündə mütəşəkkil şəkildə Şəhidlər Xiyabanını ziyarət etmək niyyətində idik. Amma polis yolumuzu kəsdi. Bizi çox gözləməyə məcbur etdi. Sonra bizim kolonu bir neçə hissəyə bölərək kiçik qruplarla Şəhidlər Xiyabanına buraxmağa başladılar. Bunu ona görə edirdilər ki, bizim iştirakımız kütləvi görünməsin ", Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli bundan öncə öz Facebook səhifəsində yazıb.

20 yanvar yürüşündə iştirakdan sonra "Müsəlman Birliyi" Hərəkatının 6 fəalı da inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti polisin ünvanına tənqidi qəbul etməyib.

"Sıxlıq yaranmaması üçün ziyarətçilər növbə ilə Şəhidlər Xiyabanına buraxıldı. Siyasi mənsubiyyətə görə ziyarətçilər arasında heç bir fərq qoymadıq. Təəssüf ki, bəzi şəxslər növbəlilik prinsipini pozmağa çalışıblar və müxtəlif iddialar səsləndiriblər", mətbuat xidmətindən Amerikanın Səsinə bildirilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası və "Müsəlman Birliyi" Hərəkatının fəallarının həbslərinə gəlincə, Daxili İşlər Nazirliyinin nümayəndəsinin fikrincə, onlar "konkret inzibati xətaların törədilməsinə" görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG