Accessibility links

Bəxtiyar Hacıyev aclığı davam etdirir, bu gün su qəbuluna başlayıb


Bəxtiyar Hacıyev (Arxiv foto. Mənbə VOA)
Bəxtiyar Hacıyev (Arxiv foto. Mənbə VOA)

Fevralın 21-də vəkillərin xahişindən sonra Bəxtiyar Hacıyev su qəbuluna başlayıb. Lakin o, aclığı davam etdirir.

Bu barədə vəkil Rövşanə Rəhimli Penitensiar Xidmətin Müalicə müəssisəsində Hacıyevlə görüşdən sonra Amerikanın Səsinə bildirib.

Belə ki, Bəxtiyar Hacıyev hazırda 44 gündür aclığı davam etdirir. O 5 gün su qəbulundan imtina etdikdən sonra bu gün su qəbuluna başlayıb. O özünün və bütün siyasi məhbusların həbsdəb azad edilməsini tələb edir.

Vəkilin sözlərinə görə, Hacıyevin səhhəti hədsiz dərəcədə ağırdır.

“O komaya düşmək ərəfəsindədir. Ayaq üstə dura bilmir, daim başı gicəllənir, danışanda çətinlik çəkir. Bu gün çəkisi 67,7 kiloqramdır (təcridxanaya qəbul zamanı 84,5 kiloqram olub), qan təzyiqi 85/60-dır, qanda şəkətin miqdarı 3,2 faizə düşüb”, o qeyd edib.

Vəkilin sözlərinə görə, hazırda Ombudsman Aparatının əməkdaşları Bəxtiyar Hacıyevlə görüşür.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan fəal səhhəti kəskin pisləşdiyindən fevralın 11-də Penitensiar Xidmətinin Müalicə müəssisəsinə köçürülüb.

Öz növbəsində Penitensiar Xidmətdən vəkilin dedikləri ilə bağlı şərh almaq mümkün olmayıb.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.

Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG