“Bəxtiyar Hacıyevin səhhəti kifayət qədər təhlükəlidir. Dilinin üzəri yaşıl rəngdədir. Həkimlər deyir ki, aclığın nəticəsi olaraq öd kisəsində proseslər gedir və bu səbəbdən dilinin rəngi yaşıl olub”, vəkil Aqil Layıc Bəxtiyar Hacıyevlə görüşdən sonra Amerikanın Səsinə bildirib
Fevralın 22-də vəkillər Aqil Layıc, Fəxrəddin Mehdiyev, Şəhla Hümbətova və Rövşanə Rəhimli Penitensiar Xidmətin Müalicə müəssisəsində 45 gündür aclıq edən insan hüquqları fəalı Bəxtiyar Hacıyevlə görüşüb.
Bu gün həmçinin müstəntiq Müalicə müəssisəsinə gələrək istintaq hərəkəti aparıb.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, müstəntiq əlavə ekspertiza təyin edib.
“Müstəntiq bu gün əlavə ekspertiza təqdim etdi. Bu süni olaraq həbs müddətini artırmaq üçün bir bəhanədir”, Sadıqov qeyd edib.
Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddəti fevralın 28-də başa çatır.
Bəxtiyar Hacıyev hazırda 45 gündür aclığı davam etdirir. O, 5 gün su qəbulundan da imtina edib. İnsan hüquqları fəalı özünün və bütün siyasi məhbusların həbsdən azad edilməsini tələb edir.
Vəkilin sözlərinə görə Hacıyev hər an komaya düşə bilər.
“O, ayaq üstə dura bilmir, daim başı gicəllənir, danışanda çətinlik çəkir. Çəkisi 67,7 kiloqramdır (təcridxanaya qəbul zamanı 84,5 kiloqram olub), qan təzyiqi 85/60-dır, qanda şəkətin miqdarı 3,2 faizə düşüb”, vəkil Rövşanə Rəhimli deyb.
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan fəal səhhəti kəskin pisləşdiyindən fevralın 11-də Penitensiar Xidmətinin Müalicə müəssisəsinə köçürülüb.
Öz növbəsində Penitensiar Xidmətdən vəkilin dedikləri ilə bağlı şərh almaq mümkün olmayıb.
Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.
Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.
Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.
Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.