Accessibility links

Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı kampaniya davam etdirilir


İnsan haqları fəalı Bəxtiyar Hacıyev
İnsan haqları fəalı Bəxtiyar Hacıyev

47 gündür aclıq aksiyası keçirən insan haqları fəalı Bəxtiyar Hacıyevlə bağlı ictimai kampaniya davam etdirilir. Kampaniya "Bəxtiyar Hacıyevi azad et!", "Öldürmə, azad et!" şüarları ilə aparılır. Bəxtiyar Hacıyevlə bağlı kampaniyaya bir sıra ictimai şəxslər də qoşulub və onun azadlığa buraxılmasına çağırış ediblər.

General-mayor Polad Həşimovun anası Səmayə Həşimova videomüraciət edərək, aidiyyatı qurumlardan Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını istəyib.

"Oğul itkisi dözülməzdir. Mən Bəxtiyarın anasına bu hissi yaşamağı arzulamıram. Gəlin, gənc balamızı xilas edək. Bunu Polad Həşimovun anası olaraq xahiş edirəm"- deyə, Səmayə Həşimova bildirib.

"İnsanı göz görə-görə ölümün pəncəsinə buraxmasınlar"

Müğənni Nura Suri bildirib ki, Bəxtiyar Hacıyevin hazırkı vəziyyəti çox acınacaqlıdır:

“Aiddiyyəti orqanlardan xahiş edirəm, ona biganə qalmasınlar. İnsanı göz görə-görə ölümün pəncəsinə buraxmasınlar".

"Bəxtiyarın belə bir vəziyyətdə olması məni çox üzür"

PRoMete ləqəbi ilə tanınan repçi Pərviz İsaqov da Bəxtiyar Hacıyevə dəstək məqsədilə paylaşım edib. Onun sözlərinə görə o, Bəxtiyar Hacıyevin uzun müddətdir ki, aclıq aksiyası keçirməsini yeni öyrənib. Repçi bildirib ki, o tez bir zamanda Bəxtiyarın vəziyyətinin müsbətə doğru dəyişəcəyinə və onun sağlam, azad şəkildə cəmiyyətə qatılacağına ümid edir.

"Bəxtiyarla tanışlığımız məhz yaradıcı müstəvidə, "Birlik Üçün Oxu" layihəsi çərçivəsində olmuşdu. Bəxtiyarın yaradıcılığa necə həssas olduğunu bu iş zamanı kəşf etmişdim. İndi onun belə bir vəziyyətdə olması məni çox üzür," o bildirib.

"Allah işinə fərəc eləsin, Bəxtiyara qıymasın"

Xalq artisti Flora Kərimova ictimai fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı Toplum TV-yə açıqlama verib.

Flora Kərimova ictimai fəalın fəaliyyətindən yaxşı məlumatlı olmadığını bildirib, amma onun azadlıqda olmasını arzuladığını qeyd edib:

"Allahdan başqa kim ona kömək edə bilər? Kim söz sahibidir? Mənə ayıb olar nədənsə qorxmaq, çəkinmək. Onsuz da itirəcəyim heç nə yoxdur. Onun fəaliyyətindən elə də məlumatım yoxdur. Niyə ordadır bilmirəm. Allah bilir, o nə dərəcədə suçludur, ya da kimsə onun qarşısında suçludur. Allah qapısını açsın!".

"Bəxtiyar Hacıyev başda olmaqla bütün günahsız insanları azad edin"

"Gənc Qazilər" İctimai Birliyinin sədri Hacı Vəliyev isə yazıb ki, Bəxtiyar Hacıyev 44 günlük Qarabağ müharibəsində dayanmadan ön cəbhədə döyüşən əsgər və zabitlərə yardım göndərirdi.

"İndi o qanunsuz olaraq həbs edilib. Qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyası edir. Hazırda əlil arabasında hərəkət edir, vəziyyəti olduqca pisdir, ölüm ayağındadır. Xahiş edirəm, Bəxtiyar Hacıyev başda olmaqla bütün günahsız insanları azad edin," müharibə iştirakçısı bildirib.

"Bəxtiyar ölməsin!"

Jurnalist və dizayner Röyal Paşayev də Bəxtiyar Hacıyevin azadlığa buraxılmasına səsləyib. Jurnalist bildirib ki, heç kəs "fikrinə və düşüncəsinə görə ölməməlidir".

“Aclıq aksiyası çarəsiz adamın ən son addımı, ümidi, etirazıdır. Günlərin birində həqiqətən də kimsə öləcək. Bəxtiyar ölməsin!" o bildirib.

"Bəxtiyar ölüm ayağındadır, bir insanı öldürmək olmaz"

2017-ci ilin mayında "Tərtər hadisələri" zamanı işgəncə nəticəsində öldürülən, daha sonra bəraət alan Elçin Quliyevin anası Validə Əhmədova da Bəxtiyar Hacıyevi azad etməyə çağırış edib:

"Hər kəsə məlum olduğu kimi Bəxtiyar ölüm ayağındadır, bir insanı öldürmək olmaz. Anaları ağlatmaq olmaz, bəsdir anaları ağlatdınız, zülm etməyin!”.

"Məsələnin hüquq müstəvisində çözülməsinin tərəfindəyik"

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Amerikanın Səsinə müsahibəsində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin aclıq aksiyasından danışıb. Deputat müsahibəsində bildirib ki, "məsələnin ictimai-siyasi həyatda müxtəlif dairələr tərəfindən, o cümlədən beynəlxlaq uzantılarını göz önünə gətirdikdə, bunun hazırkı dövrdə Azərbaycan gündəliyində birinci yerdə qalmasını qətiyyən istəmirlər

"Bu mənada aclıq aksiyasının dayandırılmasını, məsələnin hüquq müstəvisində çözülməsinin tərəfindəyik. Bəxtiyar bəy təkcə ictimai deyil, eləcə də siyasi fəaldır. Azərbaycana qarşı təzyiqlərin bir elementinə çevrilib. Bütün bu momentləri nəzərə alanda biz məsələnin belə gərgin, dramatik və tərəflərin hikkə səviyyəsində deyil, daha başqa vasitələrlə çözülməsinin üzərindəyik," o bildirib.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 47 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib.

Fevralın 23-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin həbs qətimkan tədbiri 28 aprel 2023-cü il tarixinədək uzadılıb.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG