Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan insan hüquqları fəalı Bəxtiyar Hacıyev 51 gündən sonra aclıq aksiyasını dayandırıb.
Bu barədə vəkil Aqil Layıc Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Bəxtiyar Hacıyev ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırıb.
"Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Bir azdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək. Ona dəstək olan hər kəsə təşəkkür etdi. Hüquqi mübarizə ədalətə nail olana qədər davam edəcək", vəkil qeyd edib.
Bəxtiyar Hacıyevin ailə üzvləri də onun aclığı dayandırdığını təsdiq edib.
"Indi onun ilkin mərhələdə qidalanması üçün lazımi qida məhsulları aparırıq", ailə üzvü Amerikanın Səsinə deyib.
Bundan öncə fevralın 28-də Bəxtiyar Hacıyevlə görüşdən sonra onun vəkili Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib ki, Hacıyevin səhhəti çox ağırdır və təzyiq altında saxlanılır, psixoloji cəhətdən gərgindir.
"Bəxtiyar Hacıyevin səhhəti çox ağır olaraq qalır. Onun qan təzyiqi bu gün 85/55-ə düşüb. Çəkisi 63,7 kiloqramdır (təcridxanaya qəbul ediləndə çəkisi 84,5 kiloqram olub-red). Yuxusuzluqdan, baş gicəllənməsindən əziyyət çəkir", vəkil bildirib.
Vəkilin sözlərinə görə Bəxtiyar Hacıyev mülki xəstəxanaya köçürülməsini istəyir.
"Bəxtiyar Hacıyev istəyir ki, müalicə alması üçün mülki xəstəxanaya köçürsünlər və sonra aclığı dayandırsın. O digər vəkili Şəhla Hümbətova vasitəsi ilə mülki xəstəxanaya köçürülməsi barədə Penitensiar Xidmətə ərizə göndərib. Amma ərizəni nəzarətçilər vəkildən alıb. Bunu etmirlər. Görünür Bəxtiyarın aclığı dayandırmasında maraqlı deyillər. İkinci problem odur ki, valideynlərinin və vəkillərin xahişindən sonra Bəxtiyar tibb elmləri doktoru Adil Qeybullanın ona sistem köçürməsinə razılıq verib. İndi Adil Qeybullaya Müalicə müəssisəsinə daxil olmağa icazə vermirlər ki, sistem köçürsün. Belə bir qeydi-müəyyənlik yaranıb. Üçüncü problem odur ki, Müalicə müəssisəsində Hacıyevin saxlanma şəraiti çox pisdir, daimi psixoloji təzyiq altındadır. Saxlanıldığı otaq darısqaldır, havalandırma, işıqlandırma sistemi yoxdur. Deyir ki, nəzarətçi də ona mane olur. Otaqda hərəkət etmək mümkün deyil. Onun üçün vəziyyəti ağırlaşdırıblar”, Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib.
Bununla bağlı Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbiri aprelin 28-dək uzadılıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda aclığı 51 gündür davam etdirir. O həmçinin 5 gün quru aclıq keçirib, su içməkdən imtina edib. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək 14 gün müddətində aclıq edib.
Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.