Accessibility links

Bəxtiyar Hacıyev 50 gündür aclığı davam etdirir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan insan hüquqları fəalı Bəxtiyar Hacıyev 50 gündür aclığı davam etdirir. Onun səhhəti çox ağır olaraq qalır.

Bu barədə fevralın 27-də Bəxtiyar Hacıyevlə görüşdən sonra onun vəkili Rövşanə Rəhimli Amerikanın Səsinə deyib.

"Bəxtiyar Hacıyevin səhhəti ağır olaraq qalır. Baş gicəllənmələri, ürəkbulanması, halsızlığı var. Son vaxtlar yuxusuzluq problemi yaşayır. Gecələr yata bilmir. Bu da onun psixologiyasını olduqca gərginləşdirir," vəkil bildirib.

O qeyd edib ki, bütün bunlara baxmayaraq, Bəxtiyar Hacıyev aclıq aksiyasını israrla davam etdirir.

Vəkil Bəxtiyar Hacıyev Penitensiar Xidmətin Müalicə müəssisəsindən də narazılıq etdiyini qeyd edib.

"O, israrla Kürdəxanıya (Bakı İstintaq Təcridxanası) keçirilməsini xahiş edir," o deyib.

Bundan əlavə vəkil qeyd edib ki, hüquqlarını müdafiə elədiyi Bəxtiyar Hacıyev bir sistemin köçürülməsinə razılıq verib.

"Mən bu gün onunla danışdım. Onu razı sala bildik ki, sistem köçürülsün. Bununla bağlı mən Müalicə müəssisəsinin rəhbərliyinə də xahiş elədik. Vəkillərin və ailəsinin adından xahiş elədik ki, həkim Adil Qeybullanın müalicə müəssisəsinə gələrək Bəxtiyar Hacıyevə sistem köçürməsi üçün şərait yaratsınlar," Rövşanə Rəhimli qeyd edib.

Bununla bağlı Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək 14 gün müddətində aclıq edib.

Fevralın 23-də Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin həbs qətimkan tədbiri 28 aprel 2023-cü il tarixinədək uzadılıb.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG