Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov həbs edilib.
Bakının Səbail rayon Məhkəməsindən Amerikanın Səsinə bildiriblər ki, məhkəmə yanvarın 27-də Tofiq Həsənov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (Mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2, 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq- külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
İttiham sübut olunarsa general-mayoru 12 ilədək həbs gözləyir.
Yerli medianın məlumatına görə, Tofiq Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə saxlanılıb.
Bundan öncə Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda apardığı yoxlamalar nəticəsində 3 nəfər yüksək vəzifəli şəxs həbs edilib. Yerli medianın məlumatına görə, həbs edlən üç vəzifəli şəxs 488 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Bu həbslərdən sonra ötən il dekabrın 21-də Naxçıvan Alİ Məclisinə 27 il sədrlik edən Vasif Talıbov istefa verib.
Vasif Talıbovun istefasından sonra Naxçıvanda Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Prezident İlham Əliyev dekabrın 22-də Fuad Nəcəflini Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edib.
Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verdikdən sonra hökumətyönümlü mediada onun fəaliyyətinin tənqidi başlayıb. Yerli media Naxçıvanda rəsmi qurumlarda, həmçinin Vasif Talıbovun ailəsinə məxsus şirkətlərdə yoxlamalar başlanıldığını yazır.