Accessibility links

Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib


Naxçıvan Ali Məclisinin binası
Naxçıvan Ali Məclisinin binası

Prezident İlham Əliyev Fuad Nəcəflini Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edib.

Eyni zamanda Prezidentin digər fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.

Sənədə görə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinə Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi rəhbərlik edir.

"Səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentini təmsil edən vəzifəli şəxsdir və Azərbaycan Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir. Mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirir” - fərmanda qeyd edilir.

Bundan öncə prezidentin fərmanında nəzərdə tutulan səlahiyyətləri Naxçıvan Ali Məclisnin sədri həyata keçirirdi. Dekabrın 21-də Vasif Talıbov 27 il Naxçıvan Ali Məclisinə sədrlik etdikdən sonra istefa verib. Vasif Talıbovun istefası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda apardığı yoxlamalar nəticəsində 3 nəfər yüksək vəzifəli şəxsin həbsindən sonraya təsadüf edir.

Yerli medianın məlumatına görə, həbs edlən üç vəzifəli şəxs 488 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Fuad Nəcəfli bundan öncə "Sumqayıt Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətin Müşahidə Şurasının sədri olub. Ondan əvvəl isə "PAŞA Holdinq" MMC-yə daxil olan "PAŞA İnvestments" MMC-də çalışıb.

Azərbaycan Konstitusiyasının 134-cü maddəsinə görə, Naxçıvan Muxtar Respublikası (1920–1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923–1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası) - Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Şimalda və şərqdə Ermənistanla (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə ilə (sərhəd xəttinin uzunluğu 15 km), cənubda isə İran (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.

XS
SM
MD
LG