Bakı şəhəri Səbail rayon Məhkəməsi noyabrın 26-da hakim Ülviyyə Şükürovanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyevin barəsində dörd aylıq həbs- qətimkan tədbiri seçib.
Amerikanın Səsinin sorğusuna cavabda Səbail rayon Məhkməsi məlumatı təsdiq edib.
Maliyyə naziri Cinayət Məcəlləsinin 179.4 maddəsi (Mənimsəmə və ya israf etmə- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirli bilinir.
Yerli medianın məlumatına görə, Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Əliyevin vəkilləri və yaxınları onun həbsinə hələ münasibət bildirməyib.
Bundan öncə Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib. Bakının Səbail Rayon Məhkəməsi noyabrın 24-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 179.4 maddəsi (Mənimsəmə və ya israf etmə- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirli bilinir.
Yerli medianın məlumatına görə, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Dövlət Təhlükəsizliyi Komitəsi Naxçıvanda keçirilən əməliyyat tədbirləri ilə bağlı hələ məlumat yaymayıb.
Bununla yanaşı, müşahidəçilər Naxçıvan Muxtar Respublikasında vəzifəli şəxslərin həbsinin davam edəcəyini güman edir.