Accessibility links

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefa verdiyi bildirilir


Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan prezidenti İlham Əliyev (foto mənbə: prezident.az) (arxiv)
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan prezidenti İlham Əliyev (foto mənbə: prezident.az) (arxiv)

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumata görə, dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.

Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müraciətinə baxılması məsələsi daxil edilib.

Məlumatda deyilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib. Bununla da Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Qərar səsə qoyularaq qəbul olunub.

Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində çalışıb.

O, 1995-ci il aprelin 8-də YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri seçilib. O 1995-ci ili dekabrından, son 27 ildə Naxçıvan Ali Məclisinin sədri idi.

Yerli media Vasif Talıbovun istefası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda son həftələr apardığı yoxlamalardan sonraya təsadüf etdiyini yazır. Yoxlamalar nəticəsində Muxtar Respublikanın üç vəzifəli şəxsi həbs edilib. Onlar ümumilikdə 488 milyon manat dövlət vəsaitnini mənimsəməkdə günahlamdırılır. Məhkəmənin qərarları olsa da, bu deyilənlərlə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.

XS
SM
MD
LG