Yanvarın 5-də Naxçıvanda "Cahan" Ticarət Mərkəzində işləyən onlarla satıcı etiraz aksiyası keçirib. Onlar kirayə haqqının yüksək olmasından narazıdır və regionun yeni rəhbərliyindən kömək etməyi xahiş ediblər.
Sosial mediada yayılan videolarda görünür ki, ticarətçilər Naxçıvan Ali Məclisinin binasına gəlib və onların tələblərini dinləməyi xahiş ediblər.
Aksiya iştirakçıları özləri müraciətlərini sosial şəbəkələrdə də yerləşdirib. Onlar "Cahan" Ticarət Mərkəzinin sahibi olan Vasif Talıbovun (Naxçıvan Ali Məclisinin keçmiş sədri) qanunları pozmasından danışıblar.
Region rəhbərliyi hələlik etirazçıların tələblərinə cavab verməyib.
"Cahan" Holdinq 1995-ci ildə təsis edilib, Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur, 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir.
Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində fəaliyyət göstərir.
Ekspertlər "Cahan" Holdinqin Naxçıvan Ali Məclisnin keçmiş sədri Vasif Talıbovun ailəsinə məxsus olduğunu bildirir.
2022-ci il dekabrın 21-də Vasif Talıbov 27 il Naxçıvan Ali Məclisinə sədrlik etdikdən sonra istefa verib. Vasif Talıbovun istefası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda apardığı yoxlamalar nəticəsində 3 nəfər yüksək vəzifəli şəxsin həbsindən sonraya təsadüf edir. Yerli medianın məlumatına görə, həbs edlən üç vəzifəli şəxs 488 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Prezident İlham Əliyev dekabrın 22-də Fuad Nəcəflini Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edib.
Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verdikdən sonra hökumətyönümlü mediada onun fəaliyyətinin tənqidi başlayıb. Yerli media həmçinin Vasif Talıbovun ailəsinə məxsus şirkətlərdə yoxlamalar başlanıldığını yazır.