Accessibility links

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib


Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan (Rəsmi foto)
Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan (Rəsmi foto)

Oktyabrın 14-də Astana şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Rusiya xarici işlər naziri Sergey Lavrov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün birgə səylər müzakirə edilib. Nazirlər yaxın vaxtlarda müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi barədə razılığa gəlib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, nazir Ceyhun Bayramov sülh müqaviləsi ilə bağlı Cenevrədə oktyabrın 2-də ikitərəfli görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementlərinin Ermənistana təqdim olunduğunu, elementlər üzrə Ermənistan tərəfindən cavab gözləndiyini bildirib.

“Sülh müqaviləsinin baza prinsipləri hələ bu ilin fevralında Azərbaycan tərəfindən təqdim olunub, Praqada keçirilən dördtərəfli görüşün yekununda həm Azərbaycanın, həm də Ermənistanın bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanıması və hörmət etməsi barədə razılığa gəlinib. Bunun sülh müqaviləsinin əsasını təşkil etdiyi nəzərə alınaraq müqavilənin imzalanması istiqamətində irəliləyiş kimi qəbul edilib,” Bayramov qeyd edib.

Görüşdə kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılan danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacib olduğu nazir Ceyhun Bayramov tərəfindən qeyd edilib. Delimitasiya üzrə komissiyaların artıq yaradıldığı, indiyə qədər iki görüşün keçirildiyi bildirilib. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsi nəzərdə tutulduğu diqqətə çatdırılıb. Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu bildirilib.

Nazir Üçtərəfli bəyanatların hərtərəfli icra olunmasının vacib olduğunu diqqətə çatdırıb. Bu xüsusda, o, Ermənistan tərəfindən bəyanatların icra olunmayan müddəalarının həyata keçirilməsinin zəruriliyi vurğulayıb, o cümlədən Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların basdırılmasının və mina xəritələrinin tam şəkildə verilməməsinin ciddi problem olduğunu qeyd edib.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüşdə tərəflər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaların icra vəziyyətini, delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları çərçivəsində, eləcə də regionda iqtisadi əlaqələrin və nəqliyyat infrastrukturunun blokdan çıxarılması ilə bağlı aparılan işləri müzakirə edib.

Nazirlik bildirir ki, görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Ararat Mirzoyan Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən çıxarılmasının, bütün erməni hərbi əsirlərin dərhal azad edilməsinin və atəşkəs rejiminə qeyd-şərtsiz riayət edilməsinin zəruriliyini vurğulayıb.

“Yeni təcavüzlərin qarşısının alınması üçün sərhəddəki vəziyyətin monitorinqi və nəzarəti üzrə beynəlxalq mexanizmlərin tətbiqinin vacibliyi qeyd edilib,” məlumatda deyilir.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına hərtərəfli əməl etməyə sadiq olduqlarını bir daha təsdiq edib.

“Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu vasitəsilə regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması məsələlərinə, Rusiyanın məsləhətçi köməyi ilə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə Komissiyanın işinə əsaslı baxış keçirilib. Üç ölkənin ictimaiyyətinin nümayəndələrinin və ekspertlərinin dialoqu təşkil olunacaq. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların gedişinə xüsusi diqqət yetirilib,” Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir.

Nazirlik bildirir ki, yaxın zamanda müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi razılaşdırılıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, 2020-2021-ci illərdə üç ölkə liderinin bəyanatları Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün aspektlərinin nizamlanması, Cənubi Qafqazda möhkəm sülh və sabitliyin bərqərar olunması üçün əsas yaradır.

"İqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Rusiya tərəfin məsləhət dəstəyi ilə Azərbaycan və Ermənistan arasında ikitərəfli komissiya yaradılması yolu ilə delimitasiya haqqında razılaşmalara əlavə olaraq, sülh müqaviləsinin razılaşdırılması ayrıca mövzudur.

Bu gün bu mövzunu müzakirə etmək və liderlərimizə imzaladıqları razılaşmaların yerinə yetirilməsi ilə bağlı nə məlumat verə biləcəyimizə baxmaq üçün yaxşı fürsətdir," Lavrov qeyd edib.

XS
SM
MD
LG