Yazıçı Rafiq Tağı əməliyyatdan sonra özünə gəlib (yenilənib, ən son fotolar)

Yazıçı Rafiq Tağı əməliyyatdan sonra özünə gəlib (yenilənib, ən son fotolar)

Yazıçı ona bir nəfərin 6 bıçaq zərbəsi endirdiyini deyib. Rafiq Tağının dalağı çıxarılıb, bir litrədək qan köçürülüb.

Tanınmış yazıçı Rafiq Tağı artıq əməliyyat otağından reanimasiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir. Cənab Tağı anlaqlıdır. Mən bu gün Bakı vaxtı ilə saat 14 radələrində yazıçı ilə qısa müddətli görüş imkanı əldə etdim. O reanimasiya otağında aparatlara qoşuludur. Hələlik həkimlər danışmağa icazə verməsə də, cənab Tağı bir neçə sualıma əl işarələri ilə cavab verib. Yazıçı bildirib ki, ona bir nəfər 6 dəfə bıçaq zərbəsi endirib. Bu zaman Rafiq Tağı həmin şəxsə müqavimət göstərməyə çalışıb və 3 bıçaq zərbəsi isə əlindəki qovluğa dəyib.

Növbətçi cərrah Amerikanın Səsi radiosuna bildirib ki, yazıçının dalağı çıxarılıb, vəziyyəti stabildir, həyatı üçün təhlükə sovuşub. Ona bir litrədək qan köçürülüb. Rafiq Tağının üzərində altı saat yarım müddətində cərrahiyyə əməliyyatı aparılıb, bədənindəki altı bıçaq yarasının hamısı təftiş edilib. Bıçaq zərbələrinin hamısı bədənin sol, ürək nahiyəsindən vurulub. Zərbələrdən yazıçının kürək sümüyü və qabırğası sınıb, daxili orqanları zədələnib. Xoşbəxtlikdən bıçaq Rafiq Tağının ürəyindən yan keçib, diafraqmanı kəsib və dalağını doğrayıb.

Xatırladaq ki, noyabrın 19-da axşam saatlarında tanınmış yazıçı Rafiq Tağı evinə gedərkən hücuma məruz qalıb. O yaralı halda evinə gəlib və sonradan təcili yardım xidməti vasitəsi ilə xəstəxanaya aparılıb.

Rafiq Tağı 2006-cı ildə isə işlədiyi "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs edilib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr işlətdiyinə və xristian dəyərlərini islamdan daha üstün tutmaqda ittiham edir. Hətta, buna görə İranda bir neçə ayətullah onun öldürülməsinə fitva verib. Nəticədə Rafiq Tağı milli və dini düşmənçilik salma ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. 8 aydan sonra əfv olunub.

Bu il noyabrın 10-da Rafiq Tağı www.kulis.az veb səhifəsində "İran və qloballaşma qaçılmazlığı" adlı məqalə ilə çıxış edib. Bu məqalədə "Müasir İran - asanlıqla dağılası mifdir" kimi ifadələr yer alıb. İctimai fikridə, yazıçının bu məqaləyə görə cəzalandırıldığı fikrikləri dolaşır.

Hazırda Nəsimi rayon polisi ölümə qəsd faktı üzrə apaşdəıma aparır.