Pərviz Həşimli cəza kamerasına salınıb

Jurnalist Pərviz Həşimli məhkəməyə gətirilərkən (Foto musavat.com saytınındır)

Buna səbəb mətbuata müsahibə verməsi olub
Jurnalist Pərviz Həşimli Bakı Bakı İstintaq Təcridxanasında cərimə təcridxanasına salınıb.

Bu gün jurnalistə baş çəkən vəkil Elçin Sadıqov Facebook səhifəsində jurnalistin cəza kameriasına salınmasına mətbuata müsahibə verməsinin səbəb olduğunu yazıb. “P.Həşimlinin hələ neçə sutka cərimə təcridxanasında saxlanılacağı müddət bəlli deyil. Çünki qərarı hələ ona təqdim etməyiblər”, o qeyd edib.

Vəkilin fikrincə qanunda müsahibə və ya bəyanat verməyi birmənalı qadağan edən norma yoxdur. “Amma praktikada bu qadağanı tətbiq edirlər. Məsələn, NİDA-nın keçmiş fəalı Bəxtiyar Quliyevin bəyanatını Penitensiar Xidmət öz rəsmi internet səhifəsində yaymışdı”, Sadəqov bildirib.

Penitensiar Xidmət vəkilin yaydığı məlumata hələ münasibət bildirməyib.