Accessibility links

Kristof Delor: Azərbaycan prezidentindən jurnalistləri həbsdən azad etməyə çağırmağınızı xahiş edirik


Kristof Delor
Kristof Delor

Sərhədsiz Reportyorlar təşkilatının baş katibi Fransa prezidentinə müraciət edib. Fansua Oland mayın 11-12-də Azərbaycanda səfərdə olacaq

“Sərhədsiz Reportyorlar” təşkilatının baş katibi Kristof Delor Bakıya rəsmi səfəri ərəfəsində Fransa prezidentinə açıq məktub göndərib.

“Siz mayın 11-12-də Bakıya rəsmi səfərə hazırlaşarkən, Sərhədsiz Reportyorlar, informasiya azadlığı uğrunda mübarizə aparan beynəlxalq təşkilat sizin diqqətinizi Azərbaycanda plüralizmin məhv edilməsinə çəkmək istərdi.

Mətbuat azadlığı reytinqimizdə 180 ölkə arasında 160-cı yerdə olan bir ölkəyə. Bu ölkənin KİV-ləri əhəmiyyətli dərəcədə hakimiyyətin nəzarəti altındadır, jurnalistlərin, blogerlərin və müstəqil xəbər resurslarının təqibi güclənir.

Qərəzli tənzimləyici orqan, reklam bazarının şübhəli manipulyasiyaları hakimiyyətə informasiya sektoru üzərində tam nəzarət verib.

Əsas xarici radiostansiyalar, BBC və Azad Avropa Radiosu hələ 2009-cu ildən sıxışdırılıb. Az sayda müstəqil qəzet mövcud olmaq üçün mübarizə aparır. Onların ən önəmlisi – “Azadlıq” hədsiz cərimələrin ağırlığına tab gətirə bilmir və tamamilə məhv olmağa yaxındır.

Hökuməti tənqid edən resurslar hər cür qorxutma növləri: hədə, basqın, şantaj və böhtanla qarşılaşır. Müdafiə hüququna hörmət olmaması adi hala çevrilib.

Ən azından 10 jurnalist və çoxsaylı blogerlər öz fəaliyyətinə - ictimaiyyəti məlumatlandırdığına görə həbsxanadadır. Onların bəzilərinin, məsələn, “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının sağlamlığı narahatlıq doğurur.

Mayın 12-də siz Azərbaycanda olarkən Bakıda məhkəmə “Bizim Yol” qəzetinin reportyoru, silah ticarətində ittiham olunan Pərviz Həşimli barəsində hökm çıxaracaq.
Bu saxta ittiham məhkəmənin siyasi motivlərini gizlədir. Həşimli müxalif Xalq Cəbhəsi Partiyasının, habelə siyasi və mülki hüquqları müdafiə mərkəzinin üzvüdür.

Bu il martın 17-də Tofiq Yaqublu 1 il həbsdə qaldıqdan sonra 5 il müddətinə azadlıqdan məhrum edilib. Yaqubluya qarşı iş onun İsmayıllıda icra hakimiyyəti başçısının istefası çağırışları ilə keçirilən nümayişləri və daha sonra baş verən iğtişaşları işıqlandırdığı üçün saxtalaşdırılıb.

Müstəqil jurnalistlərin qarşılaşdığı hədələr bir çoxlarını ölkəni tərk etmək məcburiyyətində qoyub. Bununla belə, hakimiyyətin uzun əli ölkə sərhədlərindən çox-çox uzaqlara yetişir.

Bu il aprelin 18-də müstəqil “Zerkalo” qəzetinin jurnalisti Rauf Mirqədirov Türkiyədən Azərbaycana ekstradisiya edilib. Bakıya gəldikdən sonra o, həbs edilib və Ermənistanın xeyrinə casusluqda ittiham olunub.

Cənab prezident, sizi rəsmi səfərinizdən istifadə edərək, bu məsələni Azərbaycanlı həmkarınız qarşısında qaldırmağa, həbs edilmiş jurnalistlərin və blogerlərin azad edilməsini xahiş etməyə və Avropa Şurası Nazirlər Komitəsində sədrliyi üzərinə götürməyə hazırlaşan Azərbaycanın öhdəliklərini ona xatırlatmağa çağırırıq.

Biz yaxşı başa düşürük ki, Bakı ilə daha sıx əlaqələrin iqtisadi və strateji üstünlükləri, tərəfdaşların açıq dialoqu Azərbaycan konstitusiyasında və beynəlxalq müqavilələrdə zəmanət verilmiş əsas azadlıqlara məhəl qoymamağa səbəb olmalıdır.

Hesab edirik ki, Azərbaycanda azad və müstəqil KİV-ə dəstək təkcə Fransanın sadiq olduğu dəyərlərə uyğun deyil, ikitərəfli münasibətlərin sağlam inkişafı üçün də əvəzedilməzdir.
KİV plüralizminin ləğvi Azərbaycanda qanunçuluğu və korrupsiyaya qarşı mübarizəni də xeyli çətinləşdirir, bunlarsız Bakı etibarlı tərəfdaş ola bilməz”, deyə Delorun müraciətində bildirilir.
XS
SM
MD
LG