Metyu Brayza: “Azərbaycan yalnız Minsk qrupuna inamını itirsə, müharibə variantına əl ata bilər" (VİDEO)

Ceymstaun Fondunda müzakirələrdə iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Amerikanın Azərbaycana yönəlik siyasətindən danışıb.

“Azərbaycan yalnız ATƏT-in Minsk qrupuna etibarını itirdiyi təqdirdə hərbi müdaxiləni nəzərdən keçirə bilər. Bunun baş verməməsi üçün ABŞ və onun müttəfiqləri Dağlıq Qarabağ münaqişəsində dönüşə nail olmaq istiqamətində səylərini artırmalıdırlar”. Bu barədə “Amerika, Avropa və Cənubi Qafqaz: Dəyişən dünyada tərəfdaşlığın qurulması” mövzusunda müzakirələrdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib. Mayın 2-də Vaşinqtonda yerləşən Ceymstaun Fondunda (The Jamestown Foundation) keçirilən müzakirələrdə ABŞ Dövlət Departamentinin rəsmisi Daniel Fridman və başqa siyasət müəyyən edən şəxslər iştirak edib.

Hazırda mərkəzi Estoniyanın paytaxtı Tallində yerləşən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza ABŞ-ın Cənubi Qafqaza yönəlik siyasətinin 3 strateji marağa – təhlükəsizlik, enerji və daxili islahatlara söykəndiyini bildirdi.

Cənab Brayza Rusiyanı nəzərə almadan Cənubi Qafqazda siyasət formalaşdırmağın mümkünsüz olduğunu bildirib və regionda təhlükəsizlik məsələsinə gəldikdə Dağlıq Qarabağ münaqişəsini xatırladıb: "Azərbaycan Dağlıq Qarabağda hərbi münaqişə niyyətində deyil. Azərbaycan hökumətinin ən böyük prioriteti iqtisadi islahatları gücləndirməkdir. Regionlarda inkişaf paytaxtadakı kimi olmasa da, hiss olunandır. Prezident Əliyev qərara alıb ki, ölkəsinin uzun müddətli əmin-amanlığı və onun siyasəti təhlükəsizlikdən asılıdır. Hazırda Azərbaycan hökumətinin Dağlıq Qarabağda müharibəyə başlaması və ya aparması məntiqəuyğun deyil".

Sabiq səfir deyib ki, ötən ilin iyununda hərbi paraddakı çıxışından sonra İlham Əliyev müharibə ehtimalları barədə təzyiqlərə məruz qalıb. Cənab Brayza deyib ki, eyni atmosfer Ermənistanda da yaşanır. "Yerevanda da heç kəs müharibə istəmir".

"Bəli, Azərbaycan diplomatik yolda inkişaf olmadığı təqdirdə hərbi yolun masa üzərində çıxa biləcəyini nəzərə alaraq hərbi sahədə güclənməsindən istifadə edir. Ancaq, bu ritorika diplomatik danışıqlara təsir xarakteri daşıyır", - deyə o bildirib.

Cənab Brayzanın sözlərinə görə, məsələnin həllində Azərbaycan və Ermənistan prezidentlərinin bir-birinə inanması çox vacibdir.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri daha sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin təsirləri və prosesin iflası barədə danışıb.

Enerji məsələsinə gəldikdə o, Azərbaycanda bu sahədə ABŞ-ın mövcudiyyətinin çox az olduğunu və hətta Şahdəniz layihəsində heç bir Amerika şirkətinin iştirak etmədiyini bildirib: “Heç bir ABŞ şirkəti Bakı-Tbilisi-Ceyhan boru xəttini dəstəkləməmişdi. Hətta biz bu istiqamətdə iş aparanda onlar bizə nifrət edirdilər. Ancaq indi onlar əksini düşünürlər. Hazırda BTC BP-nin ən gəlirli layihələrində biridir”.

Müzakirələrin digər mühazirəçisi Ceymstaun Fondunun tədqiqatçısı Vladimir Sokor da regiondakı enerji layihələrindən və Dağlıq Qarabağ münaqişəsinin ciddi problem olmasından söz açdı.

1990-cı illərin II yarısında Birləşmiş Ştatların Cənubi Qafqaza yönəlik yeni strategiya müəyyən etməsini xatırladan tədqiqatçı o zaman Avropa Birliyinin belə bir siyasəyinin olmadığını bildirdi. Ancaq hələ də türkmən qazına çıxışın olmadığını dilə gətirən cənab Sokor bu, baş tutacağı təqdirdə Türkmənistanın Qazpromla mübarizədə ciddi rəqibə çevriləcəyini dedi.

Təhlükəsizlik məsələsinə gəldikdə, Ceymstaun Fondunun araşdırmaçısı regionda Rusiyanın inhisarçılığının bütün güclü dövlətlər tərəfindən de fakto tanındığını bildirdi.

"ABŞ İraqda müharibəyə qərar verəndən sonra Cənubi Qafqaz və Xəzər regionu prioritetlikdən çıxdı və müharibələrə Rusiyanın dəstəyini almaq əsas prioritetə çevrildi" - deyə tədqiqatçı bildirdi.

Regionda olan dondurulmuş münaqişələrin nəticəsinin Gürcüstanda özünü büruzə vermədiyini deyən cənab Sokor Dağlıq Qarabağ münaqişəsinə də diqqəti yönəltdi: "Dağlıq Qarabağ yalnız həll olunmamış münaqişə deyil, o, həm də II Dünya Müharibəsindən sonra Avrasiyada qeydə alınan ən böyük etnik təmizləmələrdən biridir. ABŞ-ın etnik təmizləmələri tənqid etməsinə baxmayaraq, Azərbaycanın məsələsinə toxunulmur".

Tədbirin sual-cavab sessiyasında söz alan Dövlət Departamentinin rəsmisi Daniel Fridman hazırda regionda demokratiya məsələsinə toxunaraq bildirdi ki, son 20 ildə bu sahədə yavaş inkişaf və ya yaxşılaşmanın olmaması ABŞ üçün strateji problemdir.

Buna cavab olaraq Metyu Brayza Rusiyada Putinə rəğbət böyük olduğu kimi Azərbaycanda da prezident İlham Əliyev reytinqinin çox yüksək olduğunu bildirdi. Onun sözlərinə görə, bu səbəbdən Ərəb ölkələrində baş qaldıran etiraz aksiyalarının Azərbaycanda baş verməsi mümkünsüzdür. Ancaq sabiq səfir onu da gizlətmədi ki, Gürcüstana səfər edən edən azərbaycanlıların öz ölkələrində də belə islahatların aparılmasını istəyirlər.

Metyu Brayzanın sözlərinə cavab olaraq tədbirdə iştirak edən Freedom House-un təmsilçisi təşkilatın bu günlərdə açıqlandığı azadlıq indeksində Azərbaycanın Rusiya və Zimbabve ilə birlikdə 172-ci yeri bölüşdüyünü xatırlatdı.