Accessibility links

Şuşanın zəbtindən 20 il keçir


1992-ci il mayın 8-də erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ən böyük şəhəri olan Şuşanın ələ keçirilməsi üzrə əməliyyata başlayıb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların yaşadığı ən böyük şəhəri Şuşanın ermənilər tərəfindən ələ keçirilməsindən 20 il keçir.

Turan Agentliyinin məlumatına görə, 1992-ci il mayın 8-də erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ən böyük şəhəri olan Şuşanın ələ keçirilməsi üzrə əməliyyata başlayıb. Səhər saat 6.00-a kimi şəhər artilleriya atəşinə tutulub və daha sonra minə yaxın əsgər şəhərə üç tərəfdən hücuma keçib. Hücumda 366-cı rus alayının hələ əvvəlcədən erməni tərəfinə verdiyi 40 zirehli texnika da iştirak edib.

Şahidlərin sözlərinə görə, şəhərə ilk hücum tam zəbtlə nəticələnməyib və küçə döyüşləri xeyli davam edib. Lakin özünümüdafiə qüvvələri möhkəmlənmədiyindən şəhəri tərk etməli olub. Şəhər iki sutka boş qalıb. Güclü müqavimətlə üzləşməyən ermənilər mayın 9-da Şuşaya daxil olub.
Azərbaycan Müdafiə Nazirliyində də o zaman nizamsızlıq hökm sürüb. Heç kim situasiyaya tam nəzarət etmir və real vəziyyətlə bağlı məlumat yox idi. Buna görə də hələ bir neçə gün rəsmi mənbələr şəhər uğrunda döyüşlərin getdiyi barədə məlumatlar verib. Bununla belə, Şuşaya göndərilən zirehli texnika, Azərbaycan ordusu və Daxili İşlər Nazirliyinin qüvvələrindən ibarət böyük bir qrup şəhərin azad olunmasına cəhd göstərə bilməyib. Hərbi əməliyyatlarda koordinasiyasının olmaması, Azərbaycan Xalq Cəbhəsi və Ayaz Mütəllibov tərəfdarları arasında hakimiyyət uğrunda mübarizə Bakıda cəbhənin süqutuna və faktiki olaraq strateji baxımdan digər mühüm şəhərin - Laçının zəbtinə gətirib çıxarıb.

Xatırladaq ki, erməni hərbi birləşmələrinin Şuşaya hücumu başlamazdan bir neçə saat öncə Tehranda Ermənistan və Azərbaycan prezidentləri İran prezidentinin vasitəçiliyi ilə Qarabağ münaqişəsinin həllinə dair Ermənistan-Azərbaycan sülh sazişi imzalanıb.
Moskvadakı müəyyən dairələr Şuşanın işğalından Azərbaycanın Rusiyadan ayrılmasına yol verməmək məqsədilə istifadə edib. Belə ki, şəhər işğal olunduqdan sonra ilk günlər rus generalları və siyasətçiləri açıq-aşkar deyib ki, Bakı öz silahlı qüvvələrinin vahid MDB komandanlığına tabe olmasına, rusiyapərəst xarici və daxili siyasət yürütməyə razılıq versə, şəhər qaytarıla bilər.
Mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Turanaa müsahibəsində qeyd edib ki, Şuşanın işğalı "müharibənin bir şıltaqlığıdır" və bildirib ki, şəhər azad olunacaq. Lakin bir gündən sonra Mütəllibov hakimiyyəti devrilib.

Nəhayət, 1992-ci il mayın sonlarında Xalq Cəbhəsi hökuməti 60 minlik Rusiya ordusunun Azərbaycandan çıxarılmasına başlayıb.

XS
SM
MD
LG