Accessibility links

Azərbaycanın BMT-yə üzvlüyünün 20-ci ildönümü qeyd edilib


1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edilib.

“BMT Azərbaycan əhalisinin çiçəklənən və demokratik gələcəyi ilə bağlı ölkənin səylərini dəstəkləməkdə davam edəcək”. Bu barədə Nyu-Yorkda Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda BMT-nin baş katibi Pan Gi Mun deyib.
BMT-nin rəsmi saytının məlumatına görə, baş katib deyib ki, bu gün Azərbaycan sivilizasiyalar Alyansının fəal üzvüdür. BMT müəssisələri və fondları ilə əməkdaşlıq Azərbaycanda münaqişədən sonrakı bərpadan tutmuş davamlı inkişafa qədər geniş sahələri əhatə edir.

Dağlıq Qarabağ üzrə dinc danışıqlarda dönüşün olmamasını qeyd edən Pan Gi Mun ümidvar olduğunu bildirib ki, bu, bu proses ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yardımı ilə sürətləndiriləcək.
BMT rəhbəri deyib ki, Azərbaycan 2012-ci və 2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü kimi sülhün və təhlükəsizliyin saxlanması üzrə beynəlxalq birliyin səylərinin mərkəzindədir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan BMT-yə üzv qəbul olunmasından 20 illiyində BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilib: “Bir neçə gün bundan əvvəl isə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi qəbul edib”.
Dövlət başçısı hesab edir ki, 20 il əvvəl müstəqilliyini yenidən əldə edən Azərbaycan ötən dövrdə siyasi sistemində böyük islahatlar həyata keçirib. “Azərbaycan tolerant ölkə kimi bu gün dünyada mədəniyyətlərarası dialoqun həyata keçirilməsində mühüm rol oynayır”.
Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən prezident bildirib ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib: “Lakin təəssüflər olsun ki, onlar Ermənistan tərəfindən icra olunmur. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə və təhlükəsizliyə ciddi maneədir və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və ölkəmizin pozulmuş hüquqları tezliklə bərpa olunmalıdır”.

ABŞ-Azərbaycan münasibətlərinə də toxunan Əliyev əlaqələrin siyasi, iqtisadi, enerji təhlükəsizliyi sahəsində inkişaf etdiyini, Azərbaycanın terrorizmə qarşı mübarizədə ABŞ-ın strateji tərəfdaşı olduğunu deyib.
Dövlət başçısı bildirib ki, BMT-nin fəal və konstruktiv üzvü olmaqla qurumda hər zaman ədaləti, beynəlxalq hüququn normalarını və sülhü dəstəkləyəcək.

1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edilib. Nyu-Yorkda - BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın bayrağı qaldırılıb. Mayın 6-da isə təşkilatda Azərbaycan nümayəndəliyi fəaliyyətə başlayıb.

XS
SM
MD
LG