Accessibility links

Beynəlxalq Böhran Qrupu məcburi köçkünlərin problemi üzrə məruzə dərc edib


Beynəlxalq Böhran Qrupu məcburi köçkünlərin problemi üzrə məruzə dərc edib
Beynəlxalq Böhran Qrupu məcburi köçkünlərin problemi üzrə məruzə dərc edib

Məruzə Dağlıq Qarabağ və ona bitişik 7 rayondan zorla deportasiya olunmuş 600 000 məcburi köçkünün problemlərinə həsr olunub.

Beynəlxalq Böhran Qrupu Azərbaycanda məcburi köçkünlərin problemləri haqqında geniş məruzə dərc edib.

Turan Agentliyinin məlumatına görə, çoxsəhifəlik sənəddə deyilir ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyiş olmaması fonunda Azərbaycan hökuməti daxili köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə bir sıra tədbirlər görüb. Qeyd etmək lazımdır ki, sakinlərin işğal edilmiş ərazilərə qaytarılması ən yaxşı həll yoludur.
Beynəlxalq Böhran Qrupunun sonuncu “Azərbaycanda daxili köçkünlərin probleminin həlli” brifinqi iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqların faktiki uğursuzluğunun Dağlıq Qarabağ və ona bitişik 7 rayondan zorla deportasiya olunmuş 600 000-ə yaxın məcburi köçkün üçün nəticələrinin araşdırılmasına həsr olunub. Yaxın gələcəkdə məsələnin diplomatik həlli ehtimalının az olması qənaətinə gələn Azərbaycan hökuməti əsasən 2004-cü ildən artan neft gəlirləri sayəsində daxili köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üzrə səyləri intensivləşdirməyi qərara alıb. Nəticələr çox gecikmədi: yoxsulluq göstəricisi xeyli azaldı, dövlət daha keyfiyyətli mənzillər tikir və səhiyyə xidmətlərindən istifadə imkanlarını yaxşılaşdırır.
BBQ-nin Cənubi Qafqaz üzrə proqram direktoru Lourens Şitsin sözlərinə görə, “Azərbaycan hökuməti yanaşmanı dəyişib: keçmişdə ölkənin dövlət qurumlarını səciyyələndirən etinasızlıq, biganəlik və fəaliyyətsizlik ölkə ərazisində yaşayan çox sayda məcburi köçkünün mürəkkəb iqtisadi və sosial problemlərinin həllinə daha səmərəli və məntiqli yanaşmalarla əvəz olunub”.
Buna baxmayaraq, 400 000-ə qədər insan indiyədək texniki və sanitar normalara uyğun olmayan mənzillərdə yaşayır, məmurların səmərəsiz fəaliyyəti və korrupsionerliyi məsələləri tam həllini tapmayıb. Məcburi köçkünlərdən təxminən 128 000 nəfəri Dağlıq Qarabağ və Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü ildə döyüş əməliyyatlarının dayandırılması haqqında saziş imzalandıqdan sonra müəyyən edilmiş təmas xəttinə bilavasitə yaxınlıqda yaşayır. Bu rayonlarda yaşama riskinin yüksək olduğu şübhəsizdir: sərhədyanı atışmalar nəticəsində təmas xəttində hər il təxminən otuz nəfər həlak olur.
Təmas xətti boyunca yaşayan mülki əhalinin müdafiəsi məqsədilə Azərbaycan birincisi ATƏT missiyasının təmas xəttində geniş monitorinqinə, ikincisi snayperlərin təmas xəttindən çıxarılması təklifinə və üçüncüsü döyüş əməliyyatlarının dayandırılması haqqında sazişin pozulması faktlarının araşdırılması üzrə ikitərəfli mexanizm yaradılmasına razılaşmalıdır. Azərbaycan hökuməti həmçinin təmas xətti yaxınlığındakı ərazilərdə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədilə Ərazilərin Minalardan təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) iştirakı ilə idarələrarası komissiya yaratmalıdır.
Məcburi köçkünlərin nümayəndələrinin onların yaşayış şəraitinə birbaşa təsir göstərən qərarların işlənib hazırlanmasına görə məsul olan qurumlara inteqrasiyası məsələsi də vacibdir. Ölkə hakimiyyəti köçkünlərin mənzil məsələləri üzrə qərarların qəbuluna təsirini gücləndirməli, korrupsiyaya və məcburi köçkünlərə aid dövlət qanunvericiliyinin yerinə yetirilməməsinə qarşı mübarizə metodlarını təkmilləşdirməli, habelə daxili köçkünlərə müvəqqəti yaşadıqları ərazi üzrə yerli özünüidarə orqanlarına seçkilərdə səsvermə hüququ verməlidir. Qeyd etmək lazımdır ki, bu gün köçkünlərin siyasi proseslərdə və onların yaşayış şəraitinə birbaşa təsir edən qərarların qəbulu prosesində iştirakı yetərsizdir və gücləndirilməsinə ehtiyac var.
Beynəlxalq Böhran Qrupunun Avropa proqramları direktoru Sabina Freyzerin sözlərinə görə, “Azərbaycan hökuməti, sözsüz, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üzrə böyük səylər göstərir, amma məcburi köçkünlərin artıq ikinci nəslinin üzləşdiyi vəziyyəti qəbuledilməz sayıram, işğal isə regional inkişaf və sabitlik perspektivlərini müəyyən etməyə davam edir. İndiki halda məcburi köçkünlər probleminin tam həllinin olmaması, gələcəkdə tam miqyaslı hərbi əməliyyatların bərpasından uzaq olmaq istəyiriksə, bu məsələnin danışıqlar yolu ilə nizamlanması zərurətinin ən vacib səbəblərindən biridir”, - deyə o qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG