Dağlıq Qarabağ üzrə Alt komitənin bərpası haqda qərar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi iradəsini əks etdirir. Bu barədə AŞPA-nın rəhbəri Mövlud Çavuşoğlu Strasburqda bugünkü mətbuat konfransında deyib.
Turan Agentliyinin məlumatına görə, cənab Çavuşoğılu xatırladıb ki, 2005-ci ildə yaradılmış Alt komitənin fəaliyyəti 3 il əvvəl onun sədri Lord Rassel Constonun ölümündən sonra dayandırılıb. Bu ilin yanvarında AŞPA Bürosu Alt Komitənin işini bərpa edib.
Cənab Çavuşoğlu təəssüflə qeyd edib ki, erməni nümayəndə heyəti bu qərarı dəstəkləməyib. Onun sözlərinə görə, Alt komitə münaqişənin humanitar nəticələri Ilə məşğul olacaq, həmçinin iki ölkə parlamentləri arasında dialoqun möhkəmləndirilməsinə yardım göstərəcək. O, ümidvar olduğunu bildirib ki, erməni nümayəndə heyəti Alt komitənin işində iştirak edəcək. İclas bazar ertəsi, günün ikinci yarısında olacaq. Dağlıq Qarabağ üzrə Alt komitəyə ispaniyalı deputat Jordi Ukla i Kosta rəhbərlik edir. Alt komitə AŞPA-nın 2005-ci il 1416 saylı qətnaməsinə uyğun olaraq britaniyalı deputat Lord Atkinsonun məruzəsi əsasında yaradılıb. Qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı tanınıb və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi qeyd olunub.
AŞPA sessiyası çərçivəsində görüşlərdən başqa Alt komitə heç bir real iş görməyib. Əsasən azərbaycanlı və erməni deputatların regiona birgə səfəri ideyası reallaşmayıb. Rassel Constonun ölümündən sonra Alt komitənin işi dondurulub.