Accessibility links

Amerikalı ekspert: “Azərbaycan Dağlıq Qarabağ məsələsində Qərbdən lazımı dəstəyi almır” (VİDEO)


Amerikalı ekspert: “Azərbaycan Dağlıq Qarabağ məsələsində Qərbdən lazımı dəstəyi almır” (VİDEO)
Amerikalı ekspert: “Azərbaycan Dağlıq Qarabağ məsələsində Qərbdən lazımı dəstəyi almır” (VİDEO)

Corctaun Universitetinin Türkiyə Araşdırmaları İnstitutunun direktoru və Kolumbiya Universitetinin professor Deyvid Katel Amerikanın səsinə müsahibə verib. Müsahibədə amerikalı ekspert Türkiyə-Ermənistan yaxınlaşması, Dağlıq Qarabağ münaqişəsində Türkiyə və Qərbin rolu, 24 aprel erməni soyqırımı iddiası və s. məsələlər toxunub.

Sual: Rəsmi Ankaranın ABŞ siyasəti ilə üst-üstə düşməyən təşəbbüsləri və siyasətləri fonunda ABŞ-ın Türkiyə ilə münasibətlərini necə səciyyələndirə bilərsiniz?

Cavab: Maraqlı sualdır. Üzdə amerikalılar üçün bir çox xoşagəlməzliklər var. Ancaq fikrimcə, Türkiyənin etdikləri tam anlaşılandır. ABŞ və İranın bir-biri ilə əlaqə qurmaması Türkiyənin də İranla münasibətlərini pozmalı olması anlamına gəlmir. Düşünürəm ki, ehtiyatlı olmalıyıq. Rəsmi bəyanatlar, şəxsi görüşlərdə söylədiklərimizlə üst-üstə düşməyə bilər. Biz başa düşürük ki, İranla uzun bir sərhədi və tarixi bölüşən Türkiyə Tehranla birbaşa əlaqələr qurmalıdır.

Sual: Bildiyiniz kimi Türkiyə-Ermənistan yaxınlaşması ABŞ tərəfindən dəstəklənirdi və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq protokollar imzalansa da, heç bir tərəf bu sənədləri ratifikasiya etmədi. Sizcə bu proses Dağlıq Qarabağ münaqişəsi səbəbilə elə əvvəlcədən uğursuzluğa düçar olmuş bir proses idi? Yoxsa, ilk öncə Azərbaycan torpaqlarının qaytarılmalı olması fikri ilə razısınız?

Amerikalı ekspert: “Azərbaycan Dağlıq Qarabağ məsələsində Qərbdən lazımı dəstəyi almır” (VİDEO)
Amerikalı ekspert: “Azərbaycan Dağlıq Qarabağ məsələsində Qərbdən lazımı dəstəyi almır” (VİDEO)
Cavab: Fikrimcə təşəbbüs əvvəlcədən uğursuz deyildi. Hər hansı bu kimi uzun müddətli prosesdə Azərbaycan nəzərə alınmalıdır. Türkiyə-Ermənistan təşəbbüsünə əsasən hər iki tərəfin bir nəticə əldə etmək istəyi olub. Fikrimcə, bir nöqtədən sonra daxili elektorat nəzərə alınaraq prosesin davamı üçün siyasi iradə çatmadı. Dağlıq Qarabağ məsələsinə gəldikdə söyləyə bilərəm ki, bu münaqişə öz həllini tapmalıdır. Ancaq, haqqında danışdığınız danışıqlar iki tərəfli aparılıb. Gələcəkdə buraya Azərbaycan tərəfi də daxil edilməlidir.

Sual: Amerikanın səsinə son müsahibələrinin birində Azərbaycanın yüksək səviyyəli rəsmilərindən biri (Novruz Məmmədov) ABŞ da daxil olmaqla Qərbin siyasətindən öz narahatlığını ifadə edib. O bildirib ki, Qərb Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Ermənistanı tənqid etməkdə könülsüzdür. O deyib ki, Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazilərinin işğal altında olması və Ermənistanla münaqişə səbəbilə təqribən bir milyon azərbaycanlının didərgin düşməsinə baxmayaraq, Qərb bunlara görə Ermənistanı ittiham etmir. Ancaq Azərbaycanda ictimai asayişi pozduğuna görə insanlar həbs ediləndə 20 səfir bir araya gəlib Azərbaycanı tənqid edir. O, Qərb ölkələrinin bu məsələyə yanaşmasını ədalətsiz adlandırıb. Buna münasibətiniz necədir?

Cavab: Əlbəttə, bu, ədalətli deyil. Şərtlər əks istiqamətdə olsaydı, tam fərqli hadisələrin baş verəcəyini görə bilərdiniz. Şübhə yoxdur ki, Ermənistanın Azərbaycandan daha çox siyasi imkanları var. Razılaşıram ki, Azərbaycan lazımı dəstəyi almır.

Bayaq dediyimi yenidən dilə gətirmək istəyirəm, əgər 3 ölkə bir araya gəlsə, xoşməramlı danışıqlar aparsa, bu yolla məsələrin həllinə nail olmaq olar. Kənar tərəflər təminatçıdırlar və problemlərdən biri də fərqli persfektivlərin olmasıdır. Tərəflərdən heç biri tam haqlı deyil. Danışıqlarda xoşməram, iradə, istək olmalıdır. Və gec tez bu olacaq. Ancaq bu hadisəni biz görməyə də bilərik.

Sual: Bildiyiniz kimi, 24 aprel yaxınlaşır. Sizcə, ABŞ-ın Erməni soyqırımı adlandırılan məsələyə dair siyasəti nədən ibarət olmalıdır?

Cavab: Birinci məsələ ondan ibarətdir ki, qanunvericilər tarixən bu hadisənin baş verib-verməməsinə dair qərar verməməlidirlər. Bu tarixçilərin, alimlərin işidir. Qanunvericilər isə yalnız onların bu işinə kömək göstərə bilərlər. Siyasətçilərin belə məsələlərdə işi olmamalıdır. Bunu Türkiyə, Ermənistan və hətta Azərbaycan və s. kimi ölkələr həyata keçirə bilər. Bu məsələdə ermənilərin və türklərinin hərəsinin öz mövqeləri var. Mən hər ikisinə hörmət edirəm. Mənim də öz mövqeyim var. Təklikdə bu mövqe o qədər də nəzərə alınmır. Gərək hamı bir araya gəlib, bu məsələnin araşdırılmasında əlindən gələni etsin.

XS
SM
MD
LG