Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk Qrupunun məqsədlərini dəstəkləyir, eyni zamanda tərəflərin xahişi ilə münaqişənin nizamlanmasını sürətləndirməyə kömək etmək üçün yeni ideyalar təklif etməyə hazırdır. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia jurnalistlərin suallarının cavabında bildirib.
“Bu ideyalar hələ də Azərbaycan və Ermənistan hökumətləri ilə müzakirə edilir. Biz bu ideyaların konkret inkişafını görmək istərdik. İdeyalar iki ölkənin xalqları arasında əlaqələrin yüksəldilməsinə və münaqişə tərəfləri arasında etimad mühitinin yaradılmasına yönəldilib", - o əlavə edib.
Onun sözlərinə görə, Avropa İttifaqının xüsusi nümayəndəsi Filip Lefor fevralın 7-də Azərbaycana səfəri zamanı prezident, xarici işlər, ədliyyə, milli təhlükəsizlik nazirləri və digər rəsmi şəxslərlə görüşüb. Görüşlərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi olub.
Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton da Azərbaycana son səfəri zamanı bildirib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynamaq istəyir.
Cənab Kobia vicdan məhbusları ilə bağlı Amerikanın Səsi radiosunun sualının cavabında deyib ki, Avropa İttifaqı Azərbaycan hökuməti ilə həbsxanada saxlanmalı olmayan bütün məhbusların azad edilməsi məsələlərinə dair daim danışıqlar aparır. “Bu məsələlər Avropa İttifaqının müntəzəm keçirilən alt komitələrinin iclasları zamanı da qaldırılır. Yalnız Avropa İttifaqı bu məsələlərlə məşğul olmur, eyni zamanda Avropa Şurasının da siyasi məhbuslar üzrə məruzəçisi var. Avropa İttifaqı çalışır ki, Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser Azərbaycana gələ bilsin”, - o qeyd edib.
O, Amerikanın Səsinin toplaşmaq azadlığı ilə bağlı sualının cavabında deyib ki, son zamanlar insanlar toplaşıb sözlərini deyə bilir: “Ümid edirəm ki, insanlar bütün tərəflərin dəstəkləmədiyi fikirlərini də azad ifadə edə biləcəklər”.
Cənab Kobia Avropa Birliyinin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasını dəstəklədiyini bildirib. “Azərbaycan təşkilata daxil olan kimi biz ölkəyə azad ticarət haqqında saziş imzalanmasını təklif edəcəyik”.
Roland Kobia: Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılmasını istəyir
Avropa İttifaqı Azərbaycanla Dağlıq Qarabağ, vicdan məhbusları, toplaşmaq azadlığı ilə bağlı danışıqları davam etdirir.