Accessibility links

Amerika-Azərbaycan təhsil forumu keçirilib


Amerika ali məktəblərinin məzunları Birliyi ABŞ-da təhsil almış iki mindən çox gənci birləşdirir.

Amerika ali məktəblərinin altı nəfər azərbaycanlı məzunu cümə günü təhsilin idarə edilməsi sahəsində tövsiyələrinin təqdimatını keçirib. Təqdimat Bakıda ABŞ-Azərbaycan təhsil mərkəzində keçirilən forum çərçivəsində olub.

Forumun təşkilatçıları “Azərbaycanda təhsilin inkişafı”, Amerika ali məktəblərinin məzunları Birliyi, İREX, Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyi olub.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, ABŞ səfirliyinin təhsil və mədəniyyət üzrə attaşesi Kris Cons, ARDNŞ nümayəndəsi və tələbələr iştirak edib.

Amerika ali məktəblərinin məzunları Birliyi 9 ildir fəaliyyət göstərir və müxtəlif mübadilə proqramları ilə ABŞ-da təhsil almış iki mindən çox gənci öz sıralarında birləşdirir.

ABŞ səfirliyinin attaşesi Kris Cons qeyd edib ki, Azərbaycanda çox sayda istedadlı gənclər var və forumun məqsədi Azərbaycanda Amerika ali məktəblərinin məzunlarının tövsiyələrini həyata keçirməkdir. Digər bir məqsəd isə məzunlarla və Təhsil Nazirliyi arasında əməkdaşlıq qurmaqdan ibarətdir.

Öz növbəsində, ABŞ-da təhsil almış gənclər tələbə həyatının demokratikləşməsinin, pedaqoqlarla ünsiyyətin sadələşdirilməsinin, ali məktəblərin idarəetməsində tələbələrin daha çox iştirakının tərəfdarı olduqlarını bildirib.

Həmçinin ali məktəblərdə maddi dəstək məqsədilə tələbələrin işi üçün şərait yaradılması təcrübəsi mənimsənməlidir.

XS
SM
MD
LG