Accessibility links

Bloq:ABŞ azərbaycanlıları:Co Baydenlə görüş Amerikanın Azərbaycan və Türkiyəyə verdiyi əhəmiyyətin göstəricisidir


Breakfast reception with VP Joe Biden
Breakfast reception with VP Joe Biden

Vitse-prezident Co Bayden Türkiyə və Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşları olduğunu deyib

Aprelin 27-də Amerikada Azərbaycan və türk icmasının üzvlərinin Birləşmiş Ştatların vitse-prezidenti Cozef Baydenlə görüşü keçirilib. Bu, Azərbaycan icmasının ABŞ-ın vitse-prezidenti ilə ilk belə görüşüdür. Görüş Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinin 20 illiyi münasibətilə iki günlük konfransın ardınca keçirilib.

Vitse-prezident Co Bayden Amerikada bu il seçki ilində ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrini təmsil edən icma üzvlərinin dəstəyinin əhəmiyyətini vurğulayıb. O, Türkiyə və Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşları olduğunu deyib və Amerikada yaşayan türk və Azərbaycan icmasının üzvlərinin ölkənin həyatında oynadıqları rolu və verdikləri töhfələrə yüksək qiymət verildiyini bildirib.

Görüşə ABŞ-ın Virciniya, Merilend, Florida, Texas və digər ştatları, habelə Vaşinqton şəhərində yaşayan azərbaycanlılar və türklər, ABŞ-Azərbaycan konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri qatılmışdı.

Azərbaycan və türk diaspor təşkilatları və icma üzvləri vitse-prezidentlə görüşə yüksək qiymət verərək, bunun Amerikanın Türkiyə və Azərbaycana verdiyi əhəmiyyətin göstəricisi olduğunu bildirib.

ABŞ azərbaycanlıların şəbəkəsi USAN-nın həmtəsisçisi və Cənub bölgəsinin direktoru Yusif Babanlı Vaşinqtonda iki gün sürən konfransa yüksək səviyyəli Amerika rəsmiləri, ABŞ-ın keçmiş və hazırkı administrasiyasının nümayəndələri, çox sayda konqresmen və senatorun qatılmasının buna sübut olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Amerikanın yaxın dostu və tərəfdaşı kimi çıxış edir, öz növbəsində ABŞ-da yaşayan azərbaycanlılar cəmiyyətə inteqrasiya edərək, ölkənin həyatında yaxından iştirak etməyə çalışır.

ABŞ-ın Meyn ştatında yaşayan Tərlan Əhmədov deyir ki, vitse-prezidentin Türkiyə və Azərbaycanın Amerika üçün əhəmiyyətini bu şəkildə vurğulaması icma üzvləri tərəfindən böyük dəstək kimi qəbul edilir. Onun sözlərinə görə, o bu görüşü ABŞ-da Azərbaycana diqqətin getdikcə artdığının təzahürü olduğunu hesab edir. Tərlan Əhmədov bildirib ki, vitse-prezident Baydenin Azərbaycan icma üzvlərilə görüşü Amerika rəsmilərinin azərbaycanlı seçicilərin səsinə qulaq asdığının, onların istəklərinin nəzərə alındığının sübutu kimi qəbul edilməlidir.

Vitse-prezident Baydenin əvvəllər senator seçildiyi Delaver ştatında yaşayan azərbaycanlı rəssam Yavər Rzayev onun ştatda olduqca populyar bir siyasətçi olduğunu deyib. O deyib ki, Amerika siyasi establişmentində ikinci fiqur sayılan Cozef Baydenin çıxışı Azərbaycan və ABŞ arasında əlaqələrin daha da yaxınlışdığı haqda nəticə çıxarmağa əsas verir. Əslən Ağdamdan olan Yavər Rzayev Cozef Baydenin çıxışının onda bir ümid yaratdığını əlavə edib:”Vitse-prezidentin bizi, Azərbaycanı yaxın dost sayması Amerikanın Azərbaycanın problemlərinin həllinə daha artıq dəstək verəcəyinə ümidlərimizi artırır.”

ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Azərbaycan və türk icmasının üzvlərilə görüşü amerikalılar və avrasiyalıların şurası TCEA, ABŞ Azərbaycanlılarının şəbəkəsi USAN tərəfindən təşkil edilmişdir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG