İnternetdə təhqirə görə 6 ayadək həbs?

İ

Parlament internetdə təhqir və böhtana görə 6 ayadək həbs müəyyən edib. Ekspertlər qərarı bütün vətəndaşların ifadə və söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirir
Azərbaycan Milli Məclisi (MM) internetdə böhtan və təhqirə görə cəzalar müəyyənləşdirib.

APA agentliyinin məlumatına görə, MM-in mayın 14-də keçirilən plenar iclasında Cinayət Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub. Dəyişikliklər barədə MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə. Hüseynli deyib ki, mətbuatda təhqir və böhtana görə məsuliyyət nəzərdə tutulursa, internetdə təhqir və böhtan da bu maddənin təsiri altına düşməlidir.
Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, internetdə böhtan və təhqirə görə məsuliyyətin artırılması anlaşılmazdır.

“Biz sivil dünyanın bir hissəsinə çevrilirik. Bir neçə il əvvəl fərqli düşünsəm də, hesab edirəm ki, artıq diffamasiya ilə bağlı qanunu qəbul edə, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrini ləğv edə bilərik”.
Vitse-spiker Ziyafət Əsgərov deyib ki, Avropa Birliyinə daxil olan ölkələrin cəmi bir neçəsində “Diffamasiya haqqında” qanun var.

“Yaxşı qanundursa, Avropa Birliyi bizə nümunə göstərsin də. “Diffamasiya haqqında” qanun bizim Avropa Şurası qarşısında öhdəliyimiz deyil. Sadəcə bizə bunu təklif ediblər. Mənim fikrimcə, Azərbaycan cəmiyyəti buna hazır deyil”.
Millət vəkili Sahib Alıyev deyib ki, bəzən bu addımlar internetin bağlanması, söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilir. Sahib Alıyev bu addımların inkişaf etmiş ölkələrdə çoxdan qəbul edildiyini söyləyib.

Onun sözlərinə görə, ABŞ-da mətbuatda böhtan və təhqirlə bağlı 10 ilə qədər azadlıqdan məhrumetmə, 250 min dollar cərimə nəzərdə tutulub.

“İnternetin yaranması ilə qəzetlərə olan diqqət 4 dəfə azalıb. Artıq internetin gücü televiziyanı da qabaqlayır. Ola bilməz ki, qəzetdə təhqir və böhtana görə cərimə nəzərdə tutulsun, ancaq internetdə bu nəzərdə tutulmasın. Bu qanunun qəbulundan sonra məsuliyyət məsələsi ortaya çıxacaq. İndi audiovizual vasitələr o qədər inkişaf edib ki, istənilən şəxs başqa şəxs barədə montaj edilmiş material hazırlaya və internetə qoya bilər. Biz bu addımları atmaqla bağlı hətta gecikmişik”.

Millət vəkili Çingiz Qənizadə xatırladıb ki, Gürcüstanda daxili işlər nazirinin müavini jurnalist haqqında materialı qanunsuz internetdə yerləşdirdiyi üçün həbs olunub.

“Azərbaycanda bir çoxları bunu təqdir edir və nümunə götürməyə çağırır. Bəs jurnalist böhtan və təhqirə yol verəndə cəzalandırılacaqsa, niyə buna qarşı çıxmalıyıq? Bu məsələni siyasiləşdirmək düzgün deyil, dəyişikliklər insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir”.

Zahid Oruc bildirib ki, internetdə bəzi həmkarlarının ünvanına elə sözlər işlədilir ki, təhqirdən də o yana keçir.

“Bütün canlılarla silahlanıb internet-forumlarda fəal olanlar var. Mən də sosial şəbəkələrdə kifayət qədər fəalam. Mövqeyini sərbəst şəkildə ortaya qoy, niyə təhqirə yol verirsən?! Bu gün İranın adı çox çəkildi, bir dəfə də müsbət mənada adını çəkim. İranın ali dini liderinin “Facebook”da səhifəsi var, sosial şəbəkə üzərindən insanlarla əlaqə qurur. Prezident İlham Əliyevin də sosial şəbəkədə səhifəsi var”.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu qanun xəbərdaredici xarakter daşıyır.
“Bu, bəzi insanlarımızı mədəniyyətə, tərbiyəyə dəvət edən qanundur. Təhqir edilən, karikaturaları çəkilənlər bizim insanlarımız deyil? Bəzi jurnalistləri, sosial şəbəkələrdən istifadə edənləri mədəniyyətə dəvət edirəm”.

Dəyişikliyə əsasən, CM-in 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrində “və ya kütləvi informasiya vasitəsində” sözləri, “kütləvi informasiya vasitəsində və ya kütləvi nüm

Beləliklə, həmin maddələrdə nəzərdə tutulan cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara da tətbiq olunacaq.

Qeyd edək ki, CM-in 147.1 maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

148-ci maddəyə görə isə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, ATƏT, Avropa Şurası, çoxsaylı beynəlxalq və yerli jurnalist təşkilatları, o cümlədən Azərbaycan Mətbuat Şurası Cinayət Məcəlləsində böhtan və təhqirlər bağlı maddələrin sankiayalarının dekriminallaşdırlnması ilə bağlı parlamentə müraciət edib. Azərbaycan prezidenti 2012-ci ildə insan hüquqlarının müdafiəsi ilə bağlı imzaladığı planda Milli Məclisi “Diffamasiya haqqında” qanunu qəbul etməyə çağırıb.

Milli Məclisin qanuna etdiyi dəyişikliklər müstəqil media təşkilatları tərəfindən mənfi qarşılanıb. Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsinə bildirib ki, qanuna edilən dəyişikliklər ifadə və söz azadlığını məhdudlaşdırmağa yönəlib.

“Bu insanlarda özünəsenzura yaradır. Əgər əvvəllər Cinayət Məcəlləsinin böhtan və təhqirlə bağlı maddələri daha çox jurnalistlərə qarşı yönəldilirdisə, bundan sonra bütün vətəndaşlara qarşı yönəldiləcək. Bu əslində bütün vətəndaşların ifadə və söz azadlığının məhdudlaşdırılmasıdır”.

Ş.Hacıyevin fikrincə, Milli Məclisin qərarı Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, Avropa Şurası və ATƏT-in prinsiplərinə ziddir.