"Reportyotların Azadlıq və Təhlükəsizlik İnstitutu" ictimai birliyi iyun ayının 6-da Bakıya səfər edəcək ABŞ dövlət katibi Hillari Klintona müraciət edib. Müraciətdə rəsmi səfər öncəsi ölkədə ifadə azadlığı sahəsindəki problemlərin həllinə dovlət katibinin dəstək göstərməsi xahiş edilir. "Bu gün bizi ən çox narahat edən məsələlər jurnalistlərin qətlləri və jurnalistlərə qarşı baş verən hücumlar, təxribatlar və həbslərdir. Azərbaycanda jurnalistlərə qarşı hücumlara görə cəzasızlıq mühiti hökm sürür. Belə ki, 2005-ci ildə evinin önündə silahla qətlə yetirilən Elmar Hüseynovun və 2011-ci ildə bıçaqla qətlə yetirilən Rafiq Tağının qatilləri və bu qətlin sifarişçiləri hələ də tapılıb cəzalandırılmayıblar. Hazırda 7 jurnalist (Əvəz Zeynallı, Aydın Canıyev, Vüqar Qonaqov, Zaur Quliyev, Anar Bayramlı, Ramin Bayramov, Oqtay Gülalıyev) müxtəlif saxta ittihamlarla həbsə saxlanılır, son bir ildə 20-dən artıq jurnalist fiziki zorakılığa məruz qalıb. Biz hesab edirik ki, onların həbsə atılmasına və təqiblərlə üzləşməsinə səbəb hökumətin söz azadlığına dözümsüzlüyüdür"-deyə müraciətdə bildirilir.
Müraciətdə habelə plüralizmin yeganə təminatçıları sayılan 3 xarici radiostansiya - Amerikanın Səsi, Azadlıq Radiosu və BBC radiolarının yerli fm dalğalarında yayımına 2009-cu ildən qadağa qoyulduğu xatırladılır: "Bu gün Azərbaycanda yeni müstəqil teleradio yayım üçün lisenziyanın alınması faktiki olaraq qeyri-mümkündür, baxmayaraq ki, bu gün kifayət qədər boş televiziya və radio tezlikləri mövcuddur. Azərbaycanda bu gün teleradio məkanında faktiki olaraq senzura bərqərar olub və ölkə vətəndaşları ənənəvi televiziya və radiolarla düzgün və dürüst məlumatların əldə olunmasından məhrumdurlar".
Müraciət ölkədəki internetin vəziyyətinə də diqqəti yönəldir. Məktubda Azərbaycan mediasının yeganə ümid yeri olan internetin az da olsa, yavaş-yavaş inkişaf etdiyi bildirilsə də, bəzi internet fəallarına qarşı hakimiyyətin təzyiqinin mövcud olduğu deyilir. Xanım Klintonun diqqətinə 2 internet dissedenti - Bəxtiyar Hacıyev və Taleh Xasməmmədovun həbsləri çatdırılır.