Qarabağdakı sabiq separatçı qurumun liderlərinin məhkəməsi başlanıb

Ruben Vardanyan

Yanvarın 17-də Bakıda Qarabağdakı sabiq separatçı qurumun 16 liderinin məhkəməsi başlanıb. Onlar arasında tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan və separatçı qurumun “dövlət naziri” olmuş milyarder Ruben Vardanyan var.

Bu barədə Azərbaycan Hərbi Məhkəməsinin elektron məhkəmə portalında məlumat yayılıb.

Hazırlıq iclasları hakim Zeynal Ağayevin sədrliyi ilə Bakının Suraxanı rayonunun, Hövsan qəsəbəsində yeni inşa edilmiş Bakı Məhkəmə Kompleksində keçirilir.

Bu məhkəmə proseslərində ittihamı 6 prokuror müdafiə edəcək.

Məhkəmə ümumilikdə 2,548 epizod üzrə işə baxacaq. Təqsirləndirilən şəxslərə terrorçuluq, soyqırım, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Ruben Vardanyanın işi üzrə hazırlıq iclası ayrıca icraatda keçirlir.

Vardanyan ona qarşı irəli sürülən bütün ittihamları rədd edir və Telegram-da ailəsi tərəfindən yayılan açıqlamasında müdafiəsini hazırlamaq üçün ona kifayət qədər vaxt verilmədiyindən şikayətlənib.

AzadlıqRadiosu-nun verdiyi məlumatına görə, Azərbaycanın istintaq orqanı bəyan edib ki, Ruben Vardanyanın müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib: “Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin olunub, özü və vəkillərinin verdiyi vəsatətlərə qanunvericiliyin tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilib.”

Vardanyan isə buna etiraz edərək, ona qarşı 42 ittihamın irəli sürüldüyü barədə məlumatlandırıldığını, lakin ona rəsmi ittihamnamə ilə tam tanış olmaq imkanı verilmədiyini bildirib.

“Mən rəsmi olaraq bəyan edirəm: Həbs olunduğum gündən etibarən yalnız ilk dindirilmə zamanı adımı və soyadımı bildirmişəm, başqa heç bir ifadə verməmişəm. İmzalı bütün protokollar saxtalaşdırılıb. Bu sənədlər, əslində, mövcud deyil. Mənim vəkilim və tərcüməçim bu sənədləri imzalamağa məcbur edilib,” o deyib.

Azərbaycanın hüquq-mühafizə orqanları 2023-cü ilin sentyabrında Qarabağdakı keçmiş separatçı rejimin liderləri olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, Ruben Vardanyan, David Babayan, David İşxanyan, o cümlədən generallar Lyova Mnatsakanyan və David Manukyanı və digərlərini saxlayaraq Bakıya gətiriblər.

Rəsmi Yerevan Azərbaycan istintaq orqanının ittihamlarını qəbul etmir, Qarabağın keçmiş separatçı liderlərinin "girov" kimi saxlanıldığını bildirir.