Accessibility links

Azərbaycanda həbsdə olan sabiq separatçı qurumun rəhbərlərinin cinayət işi məhkəməyə göndərilib


Bakıda həbsdə olan özünü Dağlıq Qarabağ Respublikası adlandıran qurumun erməni rəhbərləri barəsindəki cinayət işi baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir ki, 1389 cinayət işi bir icraatda birləşdirilib. Bunlar 1987-ci ilin oktyabrından Azərbaycan ərazilərində tanınmamış Dağlıq Qarabağ Respublikasının silahlı birləşmələri tərəfindən törədildiyi iddia edilən cinayətlərə aiddir.

Azərbaycan rəsmiləri toplanmış sübutlar əsasında 2548 epizod üzrə 15 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini bildirib. İttiham olunanlar Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertidir.

Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) maddələrilə ittihamlar irəli sürülüb.

Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasını əsas tutaraq Ermənistan Respublikasının aidiyyatı orqanlarını əməkdaşlığa dəvət etdiyini bildirib. Cinayət işi üzrə ittiham aktı Azərbaycanın baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyatı üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun məlumatında tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri Ruben Vardanyanın adı çəkilməyib. Onun işinin istintaqı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində aparılır. Vardanyanın vəkillərinin məlumatına görə, ona qarşı ağır cinayətlərlə bağlı 45 ittiham irəli sürülüb.

Təqisrləndirilən şəxslərin vəkilləri Azərbaycan Baş Prokurorluğunun məlumatına hələ münasibət bildirməyib. Ermənistan hökuməti Azərbaycanda həbsdə olan erməni şəxsləri hərbi əsir sayır və azad edilməsini tələb edir.

Xatırlatma

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə əldə olunan atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun birgünlük əməliyyatından sonra Qarabağda yaşayan on minləlrə erməni əsilli insanlar Ermənistana köç edib. Əməliyyat zamanı tanınmamış Dağlıq Qarabağ Respublikasının bir çox rəhbərləri həbs edilib.

Ermənistan hökuməti 19-20 sentyabr əməliyyatını "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Tərəflər arasında hələ sülh sazişi imzalanmayıb. Son illər sülh danışıqları həm Qərbin, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb. Son zamanlar təmaslar daha çox ikitərəfli formatda baş verir.

Forum

XS
SM
MD
LG