Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri iyulun 30-da yenidən görüşəcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xüsusi nümayəndələr - Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Sərdar Kılıç və Ermənistan parlamentinin vitse-prezidenti Ruben Rubinyan arasında beşinci dəfə keçiriləcək görüşün iki ölkə sərhədində baş tutacağı gözlənilir.
Münasibətlərin normallaşdırılmasına yönəlmiş danışıqların birinci raundu 2022-ci ilin yanvarında Moskvada keçirilib və tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Danışıqlar çərçivəsində 2022-ci ilin fevralında iki ölkə arasında kommersiya uçuşları bərpa olunub. Ancaq əldə edilən digər razılaşmalar, o cümlədən quru sərhədlərin üçüncü ölkə vətəndaşları üçün açılması məsələsi həyata keçirilmədən qalmaqdadır.
Türkiyə-Ermənistan sərhədi son 35 ildə ilk dəfə ötən ilin fevralında Türkiyənin cənub-şərqində baş verən zəlzələ zamanı Ermənistandan göndərilən humanitar yardımın çatdırılması məqsədi ilə açılıb.
Region üzrə təhlilçilər Türkiyə-Ermənistan münasibətlərinin inkişafının dolayı yolla Azərbaycan və Ermənistan arasındakı danışıqların gedişatından asılı olduğunu vurğulayırlar.
Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsi Ankara ilə Yerevan arasında münasibətlərin yaranma ehtimalına ziyan vurub. Türkiyə 1993-cü ildə Bakıdakı müttəfiqlərinə dəstək olaraq Ermənistanla sərhədi bağlayıb.
Bundan əvvəl 2009-cu ildə əlaqələrin normallaşması prosesini başlatmaq cəhdləri uğursuz olub.
Forum