Accessibility links

BQXK: Azərbaycanda 4000-ə yaxın itkin düşmüş şəxs var


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanda 4000-ə yaxın itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) ilə sıx əməkdaşlıq edir.

Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü münasibəti ilə məlumatında deyilir.

“Biz, eyniləşdirmə prosesinə dəstək məqsədilə, itkin düşmüş şəxslərin ailə üzvlərindən 11000-ə yaxın bioloji istinad nümunəsi götürmüş, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq edərək itkin düşmüş şəxslər haqqında ətraflı ante mortem (ölümdən əvvəlki məlumatların milli reyestri-red) məlumatlar toplamış və Dövlət Komissiyasına təhvil vermişik”, məlumatda qeyd edilir.

BQXK-nın itkin ailələri arasından seçərək psixososial, hüquqi və tibbi dəstək göstərmək üçün təlim keçdiyi sirdaşlar 2024-cü ilin birinci yarısında 1 400-dən çox itkin ailəsi ilə əlaqə saxlayıb.

“Sirdaşlar, eyniləşdirilərək nəşi ailələrinə qaytarılmış insanların yas mərasimləri zamanı onların ailə üzvlərini 350 dəfədən çox ziyarət edib”.

Məlumatda qeyd edilir ki, BQXK-ya verdikləri məlumata əsasən, regionda münaqişə ilə əlaqədar 4000-ə yaxın azərbaycanlı və 1000-ə yaxın erməni itkin hesab edilir.

Öz növbəsində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov bildirib ki, bu il avqustun 1-nə olan məlumatlara əsasən, silahlı münaqişə nəticəsində 3 min 968 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

“Onlardan 3 min 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. 3 min 968 nəfərdən 3 min 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olub.

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülüb”, o qeyd edib.

Onun sözlərinə görə, hazırkı dövrədək azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib.

”Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılmış tikinti-quruculuq işləri nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb”, o qeyd edib.

Forum

XS
SM
MD
LG