Yanvar ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkib.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
“Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, o qedy edib.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları 2023-cü ilin sentyabrında Qarabağdakı keçmiş separatçı rejimin liderləri olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, Ruben Vardanyan, David Babayan, David İşxanyan, o cümlədən generallar Lyova Mnatsakanyan və David Manukyanı və saxlayaraq Bakıya gətiriblər. Onlar Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə müharibə cinayətlərin təşkili, terrorçuluq, terrorçuluğu maliyyələşdirmək, qətl, qanunsuz silahlı birləşmə yaratmaq maddələri ilə ittiham olunur.
Rəsmi Yerevan Azərbaycan istintaq orqanının ittihamlarını qəbul etmir, Qarabağın keçmiş separatçı liderlərinin "girov" kimi saxlanıldığını iddia edir.
Forum