Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən həbs edilən Qarabağdakı keçmiş separatçı qurumun liderləri olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, qurumun sabiq xarici işlər naziri David Babayan, eləcə də parlament sədri David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs-qətimkan tədbiri daha dörd ay uzadılıb. Bu barədə Azərbaycan Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanda həbsdə olan keçmiş separatçı qurumun sabiq iqtisadiyyat naziri Ruben Vardanyanın barəsində həbs-qətimkan tədbirinin müddəti isə bir neçə gün qabaq dörd ay uzadılıb.
Həbsdə olan şəxslərin vəkilləri hər hansı bəyanatla çıxış etməyib. Amerikanın Səsinin vəkillərlə əlaqə yaratması da mümkün olmayıb.
Bu işlər üzrə istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi aparır. İş üzrə keçmiş separatçı qurumun ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və onlar beynəlxalq axtarışa verilib.
Hazırda həbsdə olan şəxslərin əksəriyyəti ötən ilin sentyabrında keçirilən birgünlük əməliyyatından sonra Azərbaycan hökumət orqanları tərəfindən həbs olunub.
Onlar sülh və insanlıq əleyhinə müharibə cinayətlərin, terrorçuluq, terrorçuluğu maliyyələşdirmək, qətl, qanunsuz silahlı birləşmə yaratmaq ittihamları ilə üzləşirlər.
Rəsmi Yerevan hələ ki Qarabağ ermənilərinin sabiq liderləri ilə bağlı verilmiş qərara reaksiya verməyib.
Erməni media mənbələrinə şərh verən Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki təmsilçisi Siranuş Sahakyan bir neçə gün öncə həbs olunmuş şəxslərin fotolarının yayılmasını tənqid edərək bunun şou xarakteri daşıdığını bildirib. O, bu fotoların Azrəbaycan həbsxanalarındakı reallığı əks etdirmədiyini deyib.
Forum