AXCP fəalı həbs edilib

Əlisahib Kərimov (Mənbə: Sosial şəbəkə)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayon şöbəsinin fəalı Əlisahib Kərimov yanvarın 10-da Nizami metrostansiyasında saxlanılaraq, Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə günahlandırılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə AXCP məlumat yayıb.

Əlisahib Kərimovun ailəsindən Amerikanın Səsinə bildiriblər ki, yanvarın 11-də Kərimov ailəsinə zəng edərək inzibati həbsə məhkum edildiyini deyib.

“Əlisahib evə zəng etdi. Cəmi 20-30 saniyə danışmağa imkan verdilər. Dedi ki, Tik-tok şəbəkəsində fəal olduğuna görə həbs ediblər. O, tikinti işlərində işləyir. Saxlanılan zaman alətləri Nizami metrosunda qalıb, dedi gedib götürək. Heç bir günahının olmadığını, son 10 gündə izləndiyini bildirdi. Bundan öncə də bir dəfə onu saxlamağa cəhd ediblər, lakin yayına bilib”, ailə üzvü Amerikanın Səsinə deyib.

Öz növbəsində, polis oqranları faəlın saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.