Dekabrın 2-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlinin məhkəməsinin keçirildiyi Nəsimi Rayon Məhkəməsinin binasının önündə polislə Kərimlinin tərəfdarları arasında insident yaranıb. Polis 11 nəfər AXCP fəalını saxlayıb.
AXCP sədrinin müavini Ayaz Məhərrəmli Amerikanın Səsinə deyib ki, saxlananlar arasında Milli Şuranın üzvü Vidadi Mirkamal, AXCP fəalları Gülnarə Rəhimova, Ruslan Əmirov, Elçin Hacıvəlili və Rövşən Səfərov da var.
Məhrrəmlinin sözlərinə görə, polis məhkəmə binasının önünə gedən yolu bağlayıb, Kərimlinin tərəfdarlarını məhkəmə binasının qarşısına buraxmır.
O, saxlanılan AXCP fəallarından Rövşən Səfərovun, Rövşən Asparovun, Elməddin Muradlının, Ruslan Əmirovun və Gülnarə Rəhimovanın fiziki zorakılığa məruz qaldığını bildirib.
AXCP sədrinin müavininin dediyinə görə, hazırda Gülnarə Rəhimova sərbəst buraxılıb, digər 10 fəal hələ də polisdə saxlanılır.
Öz növbəsində, Daxili İşlər Nazirliyi Amerikanın Səsinin insidentlə bağlı sorğusuna hələ cavab verməyib.
Fərdi ərizəçi Aydın Əliyev Əli Kərimlini Azərbaycan Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb etməyi tələb edir.
İddiaçı Kərimlinin məhkəmənin AXCP-nin qurultayının qərarını ləğv etməsi haqqında şərhini "böhtan" adlandırıb.
Xüsusən, Kərimliyə qarşı onun aşağıdakı fikirləri ilə əlaqədar iddia irəli sürülüb: "Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib... Partiyaya zorla bərpa edilmiş həmin şəxsin şikayəti əsasında 05.07.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsi 24.06.2023-cü il tarixli qurultayın 287 "lehinə", bir "əleyhinə" səslə qəbul edilmiş qərarlarını etibarsız sayıb".
Kərimli iddianın əsassız olduğunu, "hakimiyyətin sifarişi ilə" məhkəmə tərəfindən qəbul edildiyini bildirib. Şikayət təmin edilsə, Kərimli 6 ayadək azadlıqdan məhrum edilə bilər.
Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına (NTK) üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verilməyib.
AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə Əliyev partiya sıralarından kənarlaşdırılıb. Aydın Əliyev bundan öncə də məhkəməyə müraciət edib. Onun ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia 2020-ci ilin iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Forum