Accessibility links

Məhkəmə AXCP fəallarını inzibati həbsə məhkum edib


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

Dekabrın 2-də Bakının Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəməsi zamanı saxlanılan fəallardan ikisini inzibati həbsə məhkum edib, 4 fəalı isə cərimə edərək sərbəst buraxıb.

AXCP sədrinin müavini Ayaz Məhərrəmli Amerikanın Səsinə deyib ki, fəallar İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib.

Belə ki, Nəsimi Rayon Məhkəməsi AXCP fəalları Rövşən Asvarovu 15 sutka, Mikayıl İsmayılovu 30 sutka inzibati həbsə məhkum edib. Fəallar Elçin Nuruşov, Elçin Rzayev, Rövşən Rəhimov və Rövşən Səfərov hər biri 200 manat olmaqla cərimə olunub.

Sədr müavininin dediyinə görə, hazırda daha bir neçə fəal Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsində saxlanılır. Onların arasında xəsarət alanların olduğu bildirilir.

Öz növbəsində, Daxili İşlər Nazirliyi Amerikanın Səsinin insidentlə bağlı sorğusuna hələ cavab verməyib.

Dekabrın 2-də Bakının Nəsimi Rayon Məhkəməsi hakim Babək Pənahovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilərək, onun 1500 manat cərimə edilməsi barədə hökm çıxarıb.

AXCP sədri bildirib ki, məhkəmənin hökmü sifarişdir və hüquqla heç bir əlaqəsi yoxdur.

“Bu günkü məhkəməyə polis xüsusi hazırlaşmışdı. Məhkəmənin arxasındakı həyətə 10 böyük avtobus və çoxsaylı polis maşınları ilə polis ordusu cəlb olunmuşdu. Mənim mətbuata açıqlama verdiyim zaman polis əməliyyatı başlandı. Məhkəmə önünə toplaşan 100-lərlə insan zorakılıqla dağıdıldı. Onlarla insan döyülüb, zorakılıqla həbs olundu. Bir daha sübut olundu ki, Azərbaycanda polis hakimiyyəti bərqərar olunub. Məhkəmə önündə bəyan etdiyim kimi heç bir həbs, heç bir məhkəmə qərarı, heç bir repressiya bizi öz yolumuzdan, Azərbaycanın demokratikləşməsi və azərbaycanlıların azadlığı yolundan döndərə bilməz! Tək adam hakimiyyəti qala bilməz! Dəyişiklik sırası Azərbaycana da çatacaq”, o, Facebook səhifəsində yazıb.

Fərdi ərizəçi Aydın Əliyev Əli Kərimlini Azərbaycan Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb etməyi tələb edib.

İddiaçı Kərimlinin məhkəmənin AXCP-nin qurultayının qərarını ləğv etməsi haqqında şərhini “böhtan” adlandırıb.

Xüsusən, Kərimliyə qarşı onun aşağıdakı fikirləri ilə əlaqədar iddia irəli sürülüb: “Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib...Partiyaya zorla bərpa edilmiş həmin şəxsin şikayəti əsasında 05.07.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsi 24.06.2023-cü il tarixli qurultayın 287 “lehinə”, bir “əleyhinə” səslə qəbul edilmiş qərarlarını etibarsız sayıb”.

Kərimli iddianın əsassız olduğunu, “hakimiyyətin sifarişi ilə” məhkəmə tərəfindən qəbul edildiyini bildirib.

Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına (NTK) üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verilməyib.

AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə Əliyev partiya sıralarından kənarlaşdırılıb. Aydın Əliyev bundan öncə də məhkəməyə müraciət edib. Onun ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia 2020-ci ilin iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Forum

XS
SM
MD
LG