Accessibility links

Bakıda məhkəmə AXCP sədri Əli Kərimlini 1500 manat cərimə edib


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

Dekabrın 2-də Bakının Nəsimi Rayon Məhkəməsi hakim Babək Pənahovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilərək, onun 1500 manat cərimə edilməsi barədə hökm çıxarıb.

Qarşı tətəfin vəkili məhkəmədən Əli Kərimliyə 6 ay həbs istəyib.

AXCP sədri bildirib ki, məhkəmənin hökmü sifarişdir və hüquqla heç bir əlaqəsi yoxdur.

“Azərbaycan hakimiyyəti bu qondarma işi 4 ay davam etdirdi, amma o biri tərəfdən də gördü ki, həm Azərbaycan cəmiyyəti, həm dünya birliyi bu cinayət işini ciddi qəbul etmir. Hamı başa düşür ki, Azərbaycan hakimiyyətinin öz rəqibini belə absurd ittihamla həbs etməsi absurd olacaq. Ona görə vəziyyətdən belə çıxdılar”, Kərimli qeyd edib.

O, Aydın Əliyevlə bağlı səsləndirdiyi fikirlərin həqiqət olduğunu və heç biri insanın şərəf və ləyaqətini alçaltmadığını bildirib.

Vəkil Fəxrəddin Mehdiyev məhkəmənin hökmünü əsassız hesab etdiyini və apellyasiya şikayətini verəcəyini bildirib.

“Məhkəmənin hökmü qanunsuzdur. Çünki dəlil, sübut yoxdur. İstifadə edilən ifadələr mülahizədir. Bu ifadələr böhtan üçün hər hansı əsas yaratmır. Bu səbədən də məhkəmənin hökmündən apellyasiya şikayəti veriləcək və daha sonra şikayətyimizi hüquq müstəvisində davam etdirəcəyik”, o qeyd edib.

Vəkilin sözlərinə görə, Avropa məhkəməsinin analoji qərarları var.

“Jurnalistlər Mahmudov və Ağazadə Azərbaycana qarşı şikayəıti üzrə Avropa məhkəməsinin analoji qərarı var. Onlar da ümumi ifadələrlə məhkum edilib və Avropa Məhkəməsi jurnalistlərə qarşı Avropa İnsan Haqları Konvernsiyasının pozuntusunu tanıyıb. Bu Avropa Konvensiyasının 10-cu maddəsinin pozuntusudur”, vəkil qeyd edib.

Fərdi ərizəçi Aydın Əliyev Əli Kərimlini Azərbaycan Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb etməyi tələb edib.

İddiaçı Kərimlinin məhkəmənin AXCP-nin qurultayının qərarını ləğv etməsi haqqında şərhini “böhtan” adlandırıb.

Xüsusən, Kərimliyə qarşı onun aşağıdakı fikirləri ilə əlaqədar iddia irəli sürülüb: “Partiyanın siyasi kursundan yayındığına və hakimiyyətlə əməkdaşlığa görə Azərbaycan Xalq Cəbhəsi Partiyasından xaric edilmiş Aydın Əliyev məhkəmənin qərarı ilə zorla Nəzarət-Təftiş Komissiyasının rəhbəri vəzifəsinə bərpa edilib...Partiyaya zorla bərpa edilmiş həmin şəxsin şikayəti əsasında 05.07.2024-cü il tarixində Nəsimi Rayon Məhkəməsi 24.06.2023-cü il tarixli qurultayın 287 “lehinə”, bir “əleyhinə” səslə qəbul edilmiş qərarlarını etibarsız sayıb”.

Kərimli iddianın əsassız olduğunu, “hakimiyyətin sifarişi ilə” məhkəmə tərəfindən qəbul edildiyini bildirib.

Aydın Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına (NTK) üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verilməyib.

AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə Əliyev partiya sıralarından kənarlaşdırılıb. Aydın Əliyev bundan öncə də məhkəməyə müraciət edib. Onun ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia 2020-ci ilin iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Forum

XS
SM
MD
LG