İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, onun Quru Qoşunları İranın şimal-qərbində Azərbaycan Respublikası Ordusu ilə birgə hərbi təlimə başlayıb.
İRNA agentliyinin məlumatında deyilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu bazar günü axşam yaydığı açıqlamada “Aras birgə təlimi” adlı dörd günlük təlimin səhər saatlarında başladığını bildirib.
Məlumata görə, təlimlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının xüsusi təyinatlıları və Azərbaycan Ordusunun xüsusi təyinatlıları tərəfindən Ərdəbil əyalətinin Aslandüz sərhəd rayonunda keçirilir.
Bildirilib ki, təlim iki ölkə arasında əlaqələri və qeyri-qanuni təşkil olunmuş silahlı qruplarla mübarizə sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
İRNA-nın məlumatına görə, təlim həmçinin, hər iki tərəfin ümumi maraqlarına uyğun olaraq əldə edilmiş razılaşmalara uyğun olaraq, birgə sərhədlərin təhlükəsizliyinin qorunması, hərbi potensialın təşviqi və müdafiə sahəsində əməkdaşlığın taktiki və əməliyyat səviyyəsində genişləndirilməsi məqsədi daşıyır.
Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi də İranla hərbi təlimlər barədə məlumat yayıb.
Məlumata görə, İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Kopusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilir.
Xatırladaq ki, Azərbaycanın rəsmi qurumları demək olar ki, hər gün İran ərazisindən sərhədi keçməklə ölkəyə on kiloqramlarla narkotik vasitələtin gətirilməsi barədə məlumatlar yayır. İki ölkənin sərhəd ərazidinə narkotik daşıyanlara Azərbaycan sərhədçiləri arasında atışmalar da qeydə alınır. Son illərdə silahlı insident nəticəsində Azərbaycan Sərhəd Qoşunlarının bir neçə hərbçisi həlak olub və yaralanıb.
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, son dövrlər transmilli mütəşəkkil cinayətkar dəstələrin İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya - Yaponiya, İran - Azərbaycan - Gürcüstan - Avropa, İran - Azərbaycan - Rusiya - Ukrayna marşurutları ilə narkotiklərin daşınması halları aşkar edilib, külli miqdarda narkotik vasitələr götürülüb.
Komissiyanın 2024-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatına görə, ölkədə aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 6 ton 061 kiloqram 819,096 qram narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.
Yerli mediada dərc edilən rəsmi məlumatların təhlili göstərir ki, ölkəyə narkotik vasitələrin və psixotrop maddələrin böyük hissəsi İrandan gətirilir.