Accessibility links

Xəzər dənizində Azərbaycan və İran hərbi gəmiləri birgə təlim keçirib


Xəzərdə Azərbaycan və İran hərbi gəmilərinin birgə təlimi (Foto: Azərbaycan Müdafiə Nazirliyi)
Xəzərdə Azərbaycan və İran hərbi gəmilərinin birgə təlimi (Foto: Azərbaycan Müdafiə Nazirliyi)

Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində Azərbaycan və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları zamanı xilasetmə və tibbi yardım tədbirlərinin həyata keçirilməsi, axtarış-xilasetmə əməliyyatları və gəmi təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyətlər icra edilib.

Təlimin müxtəlif mərhələləri üzrə qarşıya qoyulan tapşırıqlar hərbi dənizçilər tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilməklə yerinə yetirilib.

Noyabrın 3-də Rəsmi İran bu təlim barədə açıqlama yayıb.

2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranmışdı. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlim keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

2023-cü il aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə həmin il mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

İran Ədliyyə Nazirliyinin saytında verilən məlumata görə, 2024-cü ilin yanvarında cinayəti tərödən İran vətəndaşı Yasin Hüseynzadə barədə edam hökmü çıxarılıb. Diplomatik mənbələrdən Amerikanın Səsinə bəlli olduğuna görə, hökm hələ icra edilməyib.

Bununla yanaşı, son zamanlarda iki ölkənin xarici işlər nazirləri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Azərbaycan Prezidentinin xüsusi tapşırıqları üzrə nümayəndəsi İrana səfər edib.

Daha sonra iki ölkənin hərbi və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri arasında çoxsaylı görüşlər keçirilib.

Ötən il oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.

Həmçinin bu il Azərbaycanla İran sərhədində bir sıra birgə istifadə ediləcək obyektlər açılıb.

Forum

XS
SM
MD
LG