İsrailin Qəzzada HƏMAS və Livanda Hizbullah qruplaşmalarına qarşı zərbə endirməyə davam etdiyi vaxt İsrailin oktyabrın 1-də İranın raket hücumlarına cavab planını hazırladığı bildirilir. Bundan öncə İsrail İranın nüvə obyektlərini hədəfə almayacağını bildirib. Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanın Səsinə müsahibədə İsrailin hansı şəkildə cavab verməyi seçməsi və Yaxın Şərqdə hadisələrin daha geniş region üçün riskləri və potensial təsirini şərh edib.
Amerikanın Səsi: Müxtəlif mənbələrə əsasən, İsrailin İranın oktyabrın 1-də raket hücumlarına cavab planı hazırlanıb. İsrail İranın nüvə obyektlərini hədəf almayacağını bildirib. Bu reaksiya və ya cavab nədən ibarət ola bilər? İsrail və İran arasında eskalasiyanın yaratdığı risklər nədən ibarətdir?
Riçard Vaytz: İsrailin hücum edə biləcəyi dörd hədəf kateqoriyası var. Bunlardan biri nüvə obyektləridir. Bu, İsrail, ABŞ və digər ölkələrin uzun müddətdir hədəf kimi gördüyü şeydir. Lakin İranın nüvə proqramı o qədər böyük və şaxəlidir ki, o qədər yaxşı qorunur ki, İsrailin onu tamamilə məhv etməsi çox çətin olacaq. İsrail ona bəlkə də zərər vura bilər. Lakin qorxu ondan ibarətdir ki, İran buna açıq şəkildə çalışaraq, nüvə silahı inkişaf etdirməklə cavab verə bilər.
Daha bir mümkün hədəf İranın enerji infrastrukturudur. Bilirsiniz ki, bu, böyük zərərə səbəb olarardı. Neft emalı obyektləri və mədən müəssisələrini qorumaq çətindir. Lakin bunun qlobal iqtisadiyyatı sarsıda biləcəyi ilə bağlı qorxu var. Bu, İranı İsrailə qarşı, amma mümkündür ərəb ölkələrinin enerji obyektlərinə qarşı cavab tədbirləri görməsinə sövq edə bilər. Bu, eyni zamanda, Səddam Hüseynin İraqın neft quyularını yandırdıqda Körfəz müharibəsi zamanı gördüyümüz ekoloji problemin yaranmasına gətirib çıxara bilər.
Hesab edirəm ki, ABŞ-ın İsralin hücumunun hədəfi olacağını düşündüyü üçüncü kateqoriya İranın hərbi obyektləridir. Buraya raket istehsalı obyektləri, İslam Keşikçiləri Korpusunun qərargahı, radar qurğuları, bütünlükdə böyük hərbi kompleks daxildir. Bu, İranın bildirdiyi kimi İsrailə raketlər atdığı zaman hücum etməyə çalışdığı hədəflərin qarşılığı olardı.
Sonuncu kateqoriya simvolik məna daşıya bilər. Bu, onların sonuncu dəfə etdiyi bir şeydir. Bunlar müəyyən yerlər, abidələr, insanlara zərər vurmamaq üçün müəyyən hədəflərə hücumlar ola bilər. Bu, İranda insanların ən çox sevmədiyi simvollara qarşı yönəlmiş ola bilər. Onlar bəlkə də hicab polisinə hücum edə və İranda qadınların dəstəyini qazana bilərlər. İsraillilər bunu düşünülmüş şəkildə edəcəyini bildiriblər. Biz Livanda gördük ki, onlar bunu edə bilərlər. Buna görə də bu dörd kateqoriyadan birinə tam uyğun gələn cavabla bağlı bir söz demək çox çətindir.
Amerikanın Səsi: Yaxın Şərqdə bu hadisələrin daha geniş region üçün hansı təsirləri ola bilər? Bu hadisələr İranla qonşu, lakin İranla fərqli münasibətlərə və Yaxın Şərq münaqişəsi ilə bağlı fərqli yanaşmaları olan Türkiyə və Azərbaycan kimi ölkələrə necə təsir göstərə bilər?
Riçard Vaytz: [Hadisələrin] arzu edilən təsiri İranın heç bir şey etməməsi olardı. İran hökumətinin ABŞ və başqaları tərəfindən dəstəklənən israillilərin gücünü görməsi və bundan sonra regional terrorizmə dəstəyini və İsrailə təhdidlərini azaltması olardı. Ən çox qorxu yaradan iranlıların təkcə israillilər və amerikalılar deyil, yaxınlıqda olan hər kəsə qəzəblə cavab verə bilməsidir. Beləliklə, onlar bəlkə də Körfəz ölkələrində hədəflərə hücum edə bilərlər. Biz əvvəllər İranın İraqda kürdlərin hədəflərinə, mərkəzlərinə raket hücumlarının şahidi olmuşuq. İranın regionda İraqda, Suriyada və başqa yerlərdə çox sayda proksi qüvvələri var. Onlar orada Amerika qüvvələrinə hücum edə bilərlər. Amma əsas narahatlıq ondan ibarətdir ki, iranlılar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinin Körfəzdə enerji obyektlərinə, ya da Qətər kimi yerlərdə hərbi bazalara hücumlar təşkil edə bilərlər.
Azərbaycan kimi ölkəyə gəldikdə, iranlılar İsrailin hücumuna kömək etdiyinə inandıqları ölkəyə zərbə endirəcəklərini deməyənə qədər birbaşa təsirə məruz qalmamalıdır. Buna görə də əgər onlar Azərbaycan, ya da Türkiyəni İsrailin hücumuna dəstək verməkdə günahlandırsalar, o zaman bu ölkələrə hücum edə bilərlər. Lakin bu, mümkün ehtimal kimi görünmür.
Amerikanın Səsi: Seçkilərə artıq iki həftə vaxt qaldığı zaman sizin fikrinizcə növbəti administrasiyanın regionda əsas prioritetləri nədən ibarət olacaq? Bu prioritetlər regionun gələcəyini necə şəkilləndirə və problemləri necə həll edə bilər?
Riçard Vaytz: Təəssüf ki, bu gün müzakirə etdiyimiz problemlərin heç birinin yanvar ayında yeni administrasiya hakimiyyətə gələnə qədər həll ediləcəyi ehtimalı yoxdur. Bunlar İranı çəkindirmək, insanların faydalanacağı şəkildə enerji sahəsində inkişafı dəstəkləmək, İsraili müdafiə etmək, İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həlli, Livan və İraqda sabitlik kimi eyni problemlər olaraq qalacaq. Buna görə də mən düşünürəm ki, hazırda gördüyümüz problemlər növbəti administrasiya üçün də mövcud olacaq. Amma əgər ən pis ssenari gerçəkləşsə, ya da ən yaxşı ssenari reallaşsa, yəni İran böyük regional müharibəyə qarışsa, ya da İranın qarşısı alınsa, o zaman növbəti administrasiya üçün ya daha çətin, ya da daha asan olacaq. Lakin mən əsas etibarilə gündəmin eyni qalacağını gözləyirəm.
Forum