İran İslam İnqilabı Keşikçiləri Korpusu Qərbi Azərbaycan vilayətində yeni bir hava bazasını istifadəyə verib.
Rəsmi dövlət xəbər agentliyi İRNA-nın ingilis bölməsi, İslam İnqilabı Keşikçiləri Korpusunun ölkənin şimal-qərbində, Türkiyə sərhədi yaxınlığında yeni bir hava bazası açdığını açıqlayıb.
Sepah-ın baş komandanının vilayətə səfəri ilə eyni zamanda açılan bu aviabazada Şahid 278, Bel-214, Bel-209 (Kobra), Mil-17 və Bel-206 tipli döyüş və hücum helikopterləri yerləşdirilib.
Tasnim xəbər agentliyinin məlumatına görə, bu bazanın əsas məqsədi, Sepah-ın Quru Qoşunlarının on bazasından biri olan və şimal-qərb bölgəsində yerləşən Həmzə Seyid əş-Şühəda bazasının missiyalarına dəstək olmaq və bölgənin sərhəd bazalarına havadan yardım göstərməkdir.
Bu yeni aviabaza, Sepah Quru Qoşunlarının 5-ci hava bazası olaraq Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə şəhərində yerləşir. Sepah-ın Quru Qoşunlarının bölgə komandanı Purcəmşidian, bazanın "inqilab əleyhdarları" və "düşmən qüvvələrinə" qarşı mübarizə üçün yaradıldığını və vilayətdə "müdafiə və qarşıdurma" tədbirlərinin bir hissəsi olduğunu bildirib.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Salami isə sərhəd təhlükəsizliyinin vacibliyini vurğulayıb və İİKK-nın bu istiqamətdəki fəaliyyətini önə çəkib. İran mətbuatı, bu hava bazasının ölkənin şimal-qərb bölgəsində strateji əhəmiyyət daşıdığını qeyd edib.
Urmiyədəki yeni hərbi hava bazasının açılması ilə İran Azərbaycanı bölgəsindəki bazalarının sayı ikiyə yüksəlib. Bu bazalar arasında Təbrizdə yerləşən və Səhənd adı ilə tanınan hava bazası əvvəllər bölgənin yeganə hərbi hava bazası idi.
Qərbi Azərbaycan vilayəti, eyni zamanda, İranın İraq, Türkiyə və Azərbaycan Respublikası ilə həmsərhəd bölgəsidir.
Forum