İran mediasında və sosial media şəbəkələrində Təbriz və Urmiyə şəhərlərindən İsrail istiqamətində atılan raketlərin video-görüntüləri yayılıb.
Saberin News adlı Telegram kanalı Təbrizdən raket buraxılışının videosunu dərc edib və İranın bəzi xəbər saytları da bu videonu yenidən yayımlayıb.
Mehr xəbər agentliyi video yayımlayıb və “Urmiyədən İsrailə raket hücumu” edildiyini iddia edib. Xəbər agentliyi Urmiyədən İsrailə atılan raketlərin sayı ilə bağlı məlumat dərc etməyib.
Həmçinin Araz News kimi Telegram kanalları da ayrı-ayrı şəxslər tərəfindən göndərilən raketlərin nümayiş etdirildiyi videoları dərc edib.
Bu raketlərin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Təbrizin Xasban (Xasabad) bölgəsindəki bazasından, Təbriz yaxınlığındakı Əmənd qəsəbəsində SEPAH-ın aerokosmik bazasından və Urmiyə hava limanı ətrafındakı bir yerdən atıldığı ehtimal olunur.
Sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda İran Azərbaycanının şəhərlərində insanların raket səsindən təşvişə düşdüyü və evlərindən çıxdığı bildirilir.
Bu arada, xaricdə yaşayan bəzi güneyli siyasi fəallar İranın İsrailə raket hücumu ilə bağlı mövqelərini bildiriblər. ABŞ-da yaşayan siyasi fəal Babək Çələbiyanlı İranın Azərbaycan şəhərlərindən raket hücumları ilə bağlı bəzi xəbərlərə istinad edərək, X hesabında bildirib ki, “İran Azərbaycanı ehtiyatsız ambisiyalarında bufer zonası kimi istismar edir. Güney Azərbaycan İranın təcavüzkar təqiblərində piyada olmamalıdır.”
İran Azərbaycanından olan və hazırda İsveç sakini olan siyasi fəal Saleh Kamrani də X hesabında İranın İsrail şəhərlərinə hücumuna münasibət bildirib. O, İslam Respublikasının “İslamçılığı və Qüdsə dəstəyinin yalandan ibarət olduğunu” irəli sürüb və qeyd edib ki, “müqəddəs Qüds şəhəri də [İranın] uğursuz hücumlarının hədəfi olub, halbuki bu şəhər altı aydan artıq davam edən Qəzza müharibəsi zamanında terrorçu HƏMAS qruplaşması tərəfindən hədəf alınmayıb.”
Türkiyədə yaşayan digər güneyli siyasi fəal Məcid Araz da X sosial media hesabında “Güney Azərbaycan torpaqlarından İsrailə raketlərin atılmasını” İran Azərbaycanlıları tərəfindən qəbuledilməz adlandırıb və bildirib ki, “Azərbaycan türk xalqının mütləq əksəriyyəti rejimin müharibə qızışdıran siyasətləri ilə razılaşmır və ona rəğbət bəsləmir”.
“Azərbaycan türk milləti heç bir xalqla müharibə etmək istəmir və belə bir savaşda İslam Respublikası rejiminə dəstək verməyəcək” - deyə, siyasi fəal əlavə edib.
Forum