Demokratik Seçkilər üçün Avropa Platforması (EPDE) Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin çox məhdud şərtlər altında, ifadə, toplaşmaq, birləşmək və məlumat kimi əsas azadlıqların ciddi şəkildə məhdudlaşdırıldığı şəraitdə baş tutduğunu bildirib.
“Əliyev rejimi repressiyaları gücləndirib, müstəqil mətbuatın fəaliyyətinə və seçkilərin vətəndaş monitorinqinə imkan verməyib. Seçkiləri müşahidə edən aparıcı qeyri-hökumət təşkilatının lideri, Vatslav Havel İnsan Haqları Mükafatının laureatı Anar Məmmədli 300-dək fəal, jurnalist və müxalif qurumların üzvləri ilə birlikdə növbəti dəfə qondarma ittihamlarla həbs edilib”, EPDE sentyabrın 20-də yaydığı bəyanatında vurğulayıb.
Seçkilərdə siyasi məqsədlərlə “saxta müşahidəçilər”dən istifadə edilməsinə qarşı mübarizədə ixtisaslaşan EPDE, Azərbaycan hakimiyyətinin əvvəlki seçkilərdə olduğu kimi yenidən saxta legitimlik hissi yaratmaq və geniş yayılmış seçki manipulyasiyasını gizlətmək üçün yüzlərlə saxta beynəlxalq müşahidəçi dəvət etdiyini qeyd edib.
Qurum bildirib ki, akkreditə olunmuş 598 beynəlxalq müşahidəçidən yalnız ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının (PA) 274 müşahidəçisi seçkilərin monitorinqi üzrə qəbul edilən beynəlxalq standartlara cavab verib.
“Saxta müşahidəçilər seçkiqabağı mərhələdə və səsvermə günü aşkar pozuntulara baxmayaraq, seçkilərin “yüksək standartlarını” tərifləyiblər”, bəyanatda qeyd edilir.
EPDE hazırda davam edən araşdırması nəticəsində 18-i Avropa İttifaqı və digər demokratik ölkələrin siyasətçiləri və rəsmiləri olmaqla 107 saxta müşahidəçini müəyyən etdiyini bildirib və “saxta müşahidəçilər”lə bağlı tam hesabatını yaxın zamanda dərc edəcəyini açıqlayıb.
SEE ALSO: Norveç Helsinki Komitəsi Azərbaycanda son parlament seçkilərinin əvvəlkilərdən fərqli olmadığını deyirBəyanatda Azərbaycan hakimiyyəti əsas azadlıqları təmin etmək üçün addımlar atmağa, Anar Məmmədli və bütün siyasi məhbusların qeyd-şərtsiz və dərhal azad etməyə, Venesiya Komissiyası, ATƏT/DTİHB və yerli müşahidə təşkilatlarının tövsiyələrinə əməl etməyə çağırılıb.
EPDE Azərbaycanın Mərkəzi Seçki Komissiyasını gələcək seçki proseslərində şəffaflığın təmin edilməsi üçün konkret addımlar atmağa və bütün vətəndaşların seçki müşahidəsi hüququndan maneəsiz istifadə edə biləcəyi mühitin yaradılmasına çağırıb.
Qurum həmçinin beynəlxalq institutları, Avropa ölkələrinin milli və regional parlamentlərini öz üzvlərinin saxta seçki müşahidəsində iştirakına mane olacaq qanunlar və qaydalar təqdim etməyə çağırıb.
Cəmi 37 faizlə son 30 ilin ən aşağı seçici fəallığı qeydə alınan növbədənkənar seçkilərin elan edilən ilkin nəticələrinə görə, iqtidarda olan Yeni Azərbaycan Partiyası (YAP) 67 mandat qazanıb. Daha 45 deputat yerini hökumətyönlü mövqeyi ilə tanınan müstəqil namizədlərin qazandığı bildirilir.
İqtidar təmsilçiləri seçkilərin qanunvericiliyə uyğun və şəffaf şəkildə keçirildiyini iddia etsə də, aparıcı müxalif qurumlar səsvermənin qanun pozuntuları, total saxtalaşdırma şəraitində keçirildiyini, reallığı əks etdirmədiyini qeyd ediblər.
Seçkiləri müşahidə edən ATƏT-in müşahidə missiyası sentyabrın 2-də yaydığı ilkin bəyanatında növbədənkənar parlament seçkilərinin həqiqi plüralizmə imkan verməyən və rəqabətsiz yarışa səbəb olan məhdudlaşdırıcı siyasi-hüquqi mühitdə keçdiyini qeyd edib.